XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İxtisas seçimi başladı - Eyni bal toplayan abituriyentlər necə fərqləndiriləcək?
Ölkə13:53 12.08.2026

İxtisas seçimi başladı - Eyni bal toplayan abituriyentlər necə fərqləndiriləcək?

Bu gündən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb. Universitetlərə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi avqustun 12–19-da aparılacaq.

Maraqlı mövzulardan biri də imtahanlarda iki və ya daha çox abituriyentin eyni bal toplaması zamanı onların sıralanması üçün əsas meyarın necə müəyyən edilmədir.

Qaynarinfo xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının 4-cü sayında eyni bal toplayan abituriyentlərin hansı ardıcıllıqla fərqləndiriləcəyi açıqlanıb.

Belə hal baş verdikdə ilk növbədə abituriyentin qəbul imtahanında topladığı ümumi bala baxılır. Cari ilin məzunları üçün isə buraxılış imtahanında əldə olunan nəticə əsas götürülür.

Əgər bu göstərici də eyni olarsa, növbəti meyar tətbiq edilir. Bu zaman abituriyentin attestatında “Tədris dili”, “Ədəbiyyat”, “Xarici dil”, “Riyaziyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya” və “Coğrafiya” fənləri üzrə qeyd olunan yekun qiymətlərin ədədi ortası nəzərə alınır.

Bu göstərici də eyni olduqda abituriyentlərin riyaziyyat fənni üzrə imtahan balı müqayisə edilir.

Nəticələr yenə eyni olarsa, bu dəfə Azərbaycan dili və ya rus dili fənni üzrə imtahan balına baxılır.

DİM-in məlumatına görə, I-IV ixtisas qrupları üzrə müəyyən hallarda əlavə göstəricilər də nəzərə alınır. Bunlara xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanının nəticəsi, qəbul imtahanının ikinci mərhələsi üzrə ümumi bal və həmin mərhələnin imtahan fənləri üzrə nisbi balların cəmi daxildir.

Beləliklə, eyni yekun bal toplayan abituriyentlərin sıralanması təsadüfi seçimlə aparılmır. Namizədlər əvvəlcədən müəyyən edilmiş meyarlar üzrə mərhələli şəkildə müqayisə edilir və üstünlük müvafiq göstəricilərə əsasən müəyyənləşdirilir.

Günay