Xəbər lenti

Jurnalisti döyüb öldürən şəxslərin bir neçəsinin kimliyi məlum oldu
Ölkə09:25 09.08.2015

Jurnalisti döyüb öldürən şəxslərin bir neçəsinin kimliyi məlum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün dünyasını dəyişən jurnalist Rasim Əliyevin döyülmə faktı müşahidə kameraları tərəfindən qeydə alınıb. Virtualaz.org saytının müxbiri xəbər verir ki, bunu Səbayel rayon prokurorunun köməkcisi deyib. 
O, mərhum jurnalistin ailə üzvlərinə bildirib ki, R.Əliyevi döyərək ona ağır xəsarətlər yetirən şəxslərin bir necəsinin kimliyi də məlum olub. Hazırda həmin şəxslərin həbs olunması istiqamətində işlər gedir.
Mərhum jurnalistin nəşi ölüm faktından yalnız 6 saat sonra artıq ailəsinə təhvil verilib. Bu zaman onun yaxınları morqa buraxılmayıb ki, bu da narazılıq yaradıb. Yalnız etirazlardan sonra atası içəri buraxılıb. Bu zaman morqın ətrafına 5 polis maşını gəlib.
"Azadlıq" radiosunun məlumatına görə, ərazi polisi jurnalistin babasını sorğu-sual üçün aparıb. Morqun qarşısına yığışan jurnalistlərə isə çəkiliş aparmağa icazə verilməyib. Səbayel prokurorluğunun əməkdaşları da ora gəlib.
Rasim Əliyevin babası deyib ki, həkimlər əvvəl onlara ümid versələr də sonradan jurnalistin vəziyyəti pisləşib: “Get-gedə vəziyyəti pisləşdi, əməliyyat etdilər. Sonra da dedilər ki, içəridəki orqanlarının çox zədəlidir, sağalan deyil. Həkim gəlib mənə dedi ki, vəziyyəti çox ağırdır, ağciyəri vurulub, partlayıb. Nəfəs ala bilmir. Dedi ümid yoxdur. İki saat sonra gəldi dedi ki, gözləməyin, xəstə vəfat etdi. Bu, səhərə yaxın 5-də olub”.
Mərhumun meyiti məscidə, oradan isə evlərinə aparılıb. Dəfn mərasimi saat 14:30-da Mehdiabad qəbiristanlığında olacaq.
Qaynar.info