İdman 12:53 26.05.2023

Kişi azarkeşlər qadın futbolçulara hücum edib, onları döydü

Türkiyədə qadınlar arasında keçirilən bir futbol matçında qalmaqal yaşanıb.

Qaynarinfo qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, mayın 21-də qadın futbolçular arasında keçirilən 2-ci liqanın B qrupunda baş tutan "Bornova Hitab Spor" və "Konyaaltı Gençspor" matçının final fitindən sonra meydançaya daxil olan azarkeşlər qonaq komandanın üzvlərinə hücum edib. Polisin gözyaşardıcı qazla uzaqlaşdırdığı tərəfdarlardan bəziləri futbolçulara, məşqçilərə təpik və yumruq zərbələri endirib. Hadisə zamanı oyunçulardan biri - Selen Diduz huşunu itirib.
 
Ancaq azarkeşlər bununla kifayətlənməyib. Belə ki, asayiş keşikçilərinin meydanı təmizləyərək təhlükəsizlik tədbirləri gördüyü zaman bəzi azarkeşlər komandanın avtobusunu daş və yumurta "atəşinə" tutub. Nəhayət rəqib komanda polisin nəzarəti altında stadionu tərk edib.

"Konyaaltı Gençspor"un prezidenti Ali Dəniz, həmçinin futbolçular Özge Kayabaşı, Gülseren Avcı və Sude Apaydın döyüldüklərini əsas gətirərək azarkeşlərdən şikayət edib. Klub rəsmiləri Türkiyə Futbol Federasiyasından görüşün təkrar və neytral meydanda başqa hakimlərin iştirakı ilə keçirilməsini tələb ediblər.
 
Prezident Ali Dəniz İzmirdə keçirilən matçda rəqib tərəfdarların meydana yad əşyalar atdığını, futbolçuları təhqir etdiyini bildirib. Oyunçulardan Gülseren Avcı matçın sonunda azarkeşlərin onun qoluna, əlinə təpik və yumruqlar vurduğunu və zərbə dəyən yerlərdə göyərtilər olduğunu deyib.  Digər oyunçu Sude Apaydın kişi fanatların gözünü qırpmadan onu yumruqla vurduqlarını, qollarını, boğazlarını cızdıqlarını, təhqir etdiklərini bildirib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
 
Səbuhi Həsənov