Dünya 16:08 02.05.2022

Lavrov Hitleri yəhudi adlandırdı, İsrail sərt reaksiya verdi

İsrail Rusiya xarici işlər naziri Sergey Lavrovun Hitlerin yəhudi olması ilə bağlı fikrini qınayıb və ondan üzr istəməsini tələb edib.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Yair Lapid deyib.

İtaliyanın "Rete 4 kanal”ı Lavrova Ukraynanın prezidentinin yəhudi olduğu halda Rusiya necə bu ölkəni denasifikasiya edəcəyini deyə bilər sualı verib.

Lavrov isə cavabında bunları deyib. "Onlar deyir ki, bu özümüz yəhudi olduğumuz halda bu necə denasifikasiyadır, fikrimcə, Hitlerin də yəhudi kökləri vardı, yəni bu elə bir şey ifadə etmir. Biz uzun müddət eşitmişik ki, müdrik yəhudi xalqı ən böyük anti-semitlərin yəhudilərin özü olduğunu deyib”.

İsrail xarici işlər naziri Yair Lapid bu sözlərə görə Rusiya səfirinin söhbət üçün İsrail XİN-ə çağırılacağını bildirib.

"Bu bağışlanmaz, qalmaqallı açıqlama, dəhşətli tarixi səhvdir və buna görə biz üzr gözləyirik”,- Yair Lapid deyib.

İsrail xarici işlər naziri bildirib ki, Hitlerin yəhudi olmasını demək, yəhudilərin özlərinin özlərini qırması deməkdir. Yəhudilərin anti-semit olduğunu iddia etmək isə aşağı səviyyəli irqçilikdir.

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin əvvəlində İsrail bir müddət bitərəflik göstərirdi. Ancaq keçən ay Lapid Rusiyanı müharibə cinayətləri törətməkdə ittiham etmişdi və bundan sonra İsrail Ukraynaya dəbilqə və jiletlər göndərməyə başlamışdı.
 
Nurlan Hüseynov