Dünya 12:28 19.08.2023

Lavrovun gecikən bəyanatı: "Rusiyanın qatarı çoxdan gedib"

"Lavrov çox gecikib, qatar çoxdan gedib”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya XİN rəhbəri Sergey Lavrovun KTMT ölkələrinə müraciətini şərh edərkən deyib.

"Bu gün Qərb Moskvanı Mərkəzi Asiya və Qafqazdan sıxışdırıb çıxarmaq siyasəti yürüdür. ABŞ və Avropa İttifaqı artıq Mərkəzi Asiyada da aktivləşib. Bunu Kreml də görür və bu əsasda da mərkəzdənqaçma prosesinin sürətlənə biləcəyindən ehtiyatlanır”, deyə Natiq Miri vurğulayıb. 

Politoloqun sözlərinə görə, Rusiya keçmiş sovet məkanında süni münaqişələr yaratmaqla məşğuldur:

"Moskva bu münaqişələri çözmək istəmir. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan arasında Rusiya süni münaqişələr yaradıb. Bu kontekstdə Rusiya hər dəfə dövriyyəyə girərək, prosesi idarə etməyə çalışıb. Bunun əksi olaraq Türkiyənin həmin proseslərə müdaxiləsilə Özbəkistanla Qazaxıstan və Qırğızıstan arasındakı problemlər rahatlıqla, qısa zaman kəsiyində həll olunub. Deməli, problemləri həll etmək mümkündür”.



Natiq Miri hesab edir ki, bu kimi alternativləri gördükcə Mərkəzi Asiya ölkələrində Rusiyanın səmimiliyinə, onların gələcək inkişafına istiqamət verəcəyinə inam itir:
 
"Qərb isə KTMT ölkələrinə alternativlər, yardımlar təklif etməklə tədricən onları Rusiyanın orbitindən çıxarmağa çalışır. Kreml də bundan narahatdır. Ancaq Lavrovun verdiyi bu tip bəyanatlarla, "barmaq silkələmək”lə gedən prosesi dayandırmaq mümkün deyil. Çünki xilas yolu, inkişaf yolu hardadırsa, KTMT ölkələri də həmin istiqamətdə hərəkət edəcəklər. Rusiya və Lavrovu da narahat edən budur. Ancaq artıq qatar gedib”. 

Qeyd edək ki, Rusiyanın XİN rəhbəri Sergey Lavrov "Beynəlxalq həyat” jurnalına müsahibəsində KTMT-dəki müttəfiqlərinin özlərini Qərbin hərbi-siyasi gərginliyi artırmaq planlarına cəlb etməyə imkan verməyəcəklərinə Rusiyanın əmin olduğunu bildirib:

"Əminik ki, müttəfiqlərimiz son vaxtlar Qərbin öz ölkələrinə artan diqqətinə kritik yanaşacaq və onların hərbi-siyasi gərginliyi artırmağa yönəlmiş planlara cəlb olunmasına imkan verməyəcəklər. Bütövlükdə, əlbəttə ki, biz gözləyirik ki, KTMT-dəki müttəfiqlərimiz bu təşkilat çərçivəsində öz öhdəliklərinə zidd addımlar atmayacaqlar. Rusiya heç bir qonşumuza və tərəfdaşımıza heç kimlə qarşılıqlı əlaqə qurmağı qadağan etmir, lakin həmişə qanuni maraqlarımızın nəzərə alınmasını xahiş edir. Düşünürəm ki, bizi eşidirlər”. 

Rüfət Sultan