
Xəbər verildiyi kimi, aprelin 6-da Azərbaycanda daha bir əsgər ölümü qeydə alınıb. Tərtər rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri İmanov Elman Yaqub oğlu dünyasını dəyişib.
Rəsmi məlumatda əvvəlcə deyilirdi ki, Elman İmanov postda olarkən intihar edib. Daha sonra isə onun ehtiyatsızlıq üzündən öz silahından açılan atəş nəticəsində həlak olduğu bildirildi.
"Azadlıq" qəzetinin əməkdaşı Ramin Deko Elman İmanovun hərbi xidmətə çağırıldığı İmişli rayonunda olub və ilginc məlumatlar əldə edib. Elman İmanovun valideynləri İmişlinin Xəlfəli kəndində yaşayırlar.
Mərhumun yaxınları əməkdaşımıza bildiriblər ki, cənazəni gətirən hərbçilər onu açmağa imkan vermədən basdırmaq istəyiblər. Lakin kənd camaatı bununla razılaşmayıb və meyitə baxış tələb ediblər. Meyitə baxış zamanı isə bəlli olub ki, mərhumun baş nahiyəsində arxadan bıcaqla deşilmiş xəsarət izi var. Valideynləri və yaxınları, eləcə də kənd sakinləri bu qənaətdədirlər ki, Elman İmanovu “ştıknojla” vurublar.
Mərhumun atası Yaqub İmanov bildirib ki, oğlu ilə müntəzəm əlaqə saxlayıblar, indiyədək nədənsə narazılığı olmayıb. O, oğlunun intihar etdiyinə xəbəri eşidən andan inanmayıb. Mərhumun ehtiyatsızlıqdan güllə yarası alaraq öldüyünü də başındakı xəsarət izi istisna edir.
Yaqub İmanov deyir ki, oğlu təzəlikcə xüsusi kurs keçərək çavuş rütbəsi alıb. Dünyasını dəyişdiyi gün isə ilk dəfəymiş ki, çavuş kimi əsgərlərlə posta qalxıbmış./azadliq.az/