Xəbər lenti

Macarıstan Aİ Şurası sədrliyindən çıxarılacaq? (ŞƏRH)
Dünya 14:24 12.07.2024

Macarıstan Aİ Şurası sədrliyindən çıxarılacaq? (ŞƏRH)

"Bu açıqlama Budapeştə növbəti təzyiq elementidir, buna rəğmən Macarıstan Avropa İttifaqı Şurası sədrliyindən çıxarılmayacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Aİ rəsmilərinin Macarıstan baş naziri Viktor Orbanın Rusiyaya səfəri və Vladimir Putinlə görüşdən sonra Budapeştin Aİ Şurasının sədri vəzifəsindən məhrum edilməsi imkanını müzakirə etdikləri barədə Qərb mətbuatının yazdığını şərh edərkən deyib.

"Bu xəbərin birbaşa Macarıstan rəhbərliyinə deyil, beynəlxalq media tərəfindən dövriyyəyə buraxılması rəsmi Budapeştə təzyiq xarakteri daşıyır. Ancaq Macarıstanın Avropa İttifaqı Şurasına sədrlikdən məhrum edilməsi məsələsi sadəcə olaraq, rotasiya qaydasında həyata keçirilən və Aİ-nin qəbul etdiyi nizamnamə çərçivəsindədir. Yəni bütün ittifaq üzvlərinin təsdiq etdiyi nizamnamə çərçivəsində həyata keçirilir. Bu rotasiya qaydasını həmin dövlətin istənilən müstəqil siyasi addımına görə dəyişdirilməsi məsələsi nizamnamədə mövcud deyil", deyə Natiq Miri bildirib.
 


Ekspert qeyd edib ki, bu məsələ ancaq həmin dövlətin Avropa İttifaqından çıxarılması yolu ilə həllini tapa bilər:

"Lakin Aİ hazırda Macarıstanı alyansdan çıxarmağa hazır deyil. Çünki təşkilat hazırda çox həssas dönəmdə yaşayır. Bu gün Budapeştin qurumdan çıxarılması isə Aİ-nin bütövlüyü məsələsinə ciddi xətər verəcəyini də göz önünə alırlar. Bu sadəcə olaraq, Budapeştə növbəti təzyiq elementidir. Ondan uzağa getməyəcəklər. Macarıstanın Avropa İttifaqı Şurası sədrliyindən çıxarılacağı ilə bağlı qərarın veriləcəyini düşünmürəm".

Qeyd edək ki, Aİ rəsmiləri Viktor Orbanın Rusiyaya səfərindən və Vladimir Putinlə görüşdən sonra Macarıstanın Aİ Şurasının sədri vəzifəsindən məhrum edilməsi imkanını müzakirə edirlər. Bu barədə "Financial Times” qəzeti yazıb. 

FT-nin həmsöhbətləri bildiriblər ki, Orbanın Moskvaya səfəri səbəbindən bir çox Aİ üzv dövlətləri, ölkənin Avropa İttifaqı Şurasına sədrliyi dövründə Macarıstanda keçiriləcək ənənəvi qeyri-rəsmi nazir görüşlərini boykot etmək və Macarıstan Baş nazirinin "manevr azadlığını" məhdudlaşdırmaq barədə düşünürlər. Avropa İttifaqının Hüquq Xidməti öz növbəsində hesab edir ki, Orbanın Rusiyaya səfəri və Vladimir Putinlə görüşü Aİ ölkələrinin bağladığı razılaşmalara ziddir. Hüquqşünasların fikrincə, Orban Aİ-nin "məqsədlərinə çatmaq üçün təhlükə yarada biləcək” hər hansı hərəkəti qadağan edən ittifaq müqavilələrini pozub. O, həmçinin "təşkilatın bütün üzvlərini xarici siyasət fəaliyyətini müstəsna olaraq sədaqət və qarşılıqlı həmrəylik ruhunda həyata keçirməyə çağıran hüquqi müddəanı” pozub. Xatırladaq ki, iyul ayında Orban "sülh missiyası” elan edib və növbə ilə Kiyev, Moskva və Pekinə səfər edib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->