Xəbər lenti

Madeyrada turistlər ən mənzərəli marşrutları gəzmək üçün pul ödəyəcəklər
Dünya 22:10 05.11.2024

Madeyrada turistlər ən mənzərəli marşrutları gəzmək üçün pul ödəyəcəklər

Portuqaliyanın Madeyra arxipelaqı gəzinti həvəskarları arasında son dərəcə populyardır. Ancaq çox keçmədən uzun gəzintilər zamanı yerli təbiət möcüzələrinə heyran olmaq istəyən turistlər bunun üçün pul ödəməli olacaqlar.

Qaynarinfo "Euronews Travel"ə istinadən xəbər verir ki, 2025-ci il yanvarın 1-dən qeyri-rezidentlər Madeyrada 30-dan çox marşrut üzrə gəzinti üçün pul ödəməli olacaqlar. Əgər indi əlavə rüsum arxipelaqın ən çox ziyarət edilən yeddi marşrutu üzrə tutulursa, yeni ildən onun bütün rəsmi treklərinə şamil olunacaq.

Artıq məlumdur ki, 3 avroluq rüsum 12 yaşdan yuxarı bütün qeyri-rezidentlərə şamil olunacaq. Onu həm onlayn olaraq regional hökumət portalı "Simplifica" vasitəsilə, həm də bir çox marşrutlar boyunca yerləşən ICNF stansiyalarında ödəmək mümkün olacaq. Rüsumu ödəməyən turistləri 50 avroya qədər cərimə gözləyir.

Eyni zamanda, Madeyrada turistlər üçün ən cəlbedici olan sıldırım zirvələri, yaşıl meşələri və gur şəlalələri ilə gəzinti marşrutlarıdır. Öz növbəsində, Madeyranın Kənd Təsərrüfatı, Balıqçılıq və Ətraf Mühit üzrə Regional Katibi Rafaela Fernandez bildirib ki, rüsum regionun təbii landşaftlarını qorumaq və artan turist axınını idarə etmək üçün lazımdır.

Onun sözlərinə görə, yeni turist vergisindən əldə edilən bütün gəlirlər cığırların saxlanmasına, təmizlənməsinə və qorunub saxlanmasına yönəldiləcək.

Qeyd edək ki, Portuqaliyada bu yeganə yeni turist vergisi deyil. Məsələn, 2024-cü ilin sentyabrında məlum olub ki, Portuqaliyanın ikinci ən böyük şəhəri və Avropanın ən ucuz şəhər tətil məkanlarından biri olan Portu burda gecələyən səyahətçilərə vergini artırmağı planlaşdırır.

Portuqaliyanın paytaxtı Lissabona gələn turistləri məcburi gündəlik ödənişdə analoji artım gözləyir. Bundan əlavə, 2024-cü ilin yazında Portuqaliyanın daha bir neçə məşhur şəhəri, xüsusən də məşhur Alqarve bölgəsində turistlər üçün yeni vergilər tətbiq edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->