Xəbər lenti

Ölkə 15:26 05.04.2024

"Marin Group"un tikdiyi binadan qadının başına taxta düşdü, məhkəmə cərimə kəsdi

Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında yerləşən "Marin Group" şirkətinə məxsus hündürmərtəbəli binadan qadının üzərinə taxta parçasının düşməsi ilə bağlı məhkəmə qərar verib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə 2023-cü ilin dekabr ayının 20-də, saat 17.00 radələrində baş verib. 

Belə ki, Gülçöhrə (ad şərti) Gəncə prospekti, 99 ünvanında yerləşən binanın yaxınlığından küçə ilə avtobus dayanacağına doğru gedərkən həmin binanın yanında adını bilmədiyi MTK tərəfindən inşaa olunan binanın yuxarı mərtəbəsindən taxta parçası onun üstünə düşüb. Nəticədə baş, boyun və bədəninin digər nahiyələrindən xəsarət alıb. Bundan sonra ətrafdakı insanlar tərəfindən təcili tibbi yardım çağırılıb. 

Hadisə ilə bağlı həmin binada işləyən şəxslərdən "Marin Group"un rəhbərliyinə xəbər verilməsi tələb edilsə də, işçilər qadının qan içində olduğunu gördükdən sonra qaçıb gizləniblər və heç kimə məlumat verməyiblər. Olaydan sonra da şirkət tərəfindən nə müalicəsi ilə maraqlanan olmayıb. Hazırda da aldığı xəsarətlərin tam sağlamdığını deyən zərərçəkmiş qadın beyninin silkələndiyini və alnına tikiş atıldığını bildirib. Hadisə zamanı həmçinin paltarları cırılıb, sırğası da itib.

Zərərçəkmiş qadın məhkəmədən şirkət rəhbərliyi barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş edib. Amma Xətai Rayon Məhkəməsinin hakimi Rəfail Sadıxov şirkət rəhbərliyini İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib, barəsində 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi ilə kifayətlənib. Xəsarət alan qadına hər hansı bir zərərin ödənilməsi ilə bağlı heç bir qərar verilməyib. 



Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan "Marin Group" şirkətinin qanuni təmsilçisi Əliyev Turan Sədrəddin oğludur. 4 il əvvəl yaradılan şirkət Bakının müxtəlif yerlərində yaşayış binalarının tikintisini həyata keçirir. 

"Marin Group" şirkəti Azərbaycan daşınmaz əmlak sektorunda uğurla fəaliyyət göstərən şirkətlərdəndir. Əsası qoyulduğu gündən bəri şəhərin müxtəlif yerlərində yaşayış binalarının tikintisini həyata keçirib. Şirkət Xətaidə rayonu, Gəncə prospektində "Xəzər Evləri" premium yaşayış komplekslərinin tikintisini həyata keçirir.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->