Yanvarın 12-də Sumqayıtın Kimyaçılar qəsəbəsində avtomobildən yanmış kişi meyiti tapılıb. Aparılan araşdırmalarla "Kia Sorento” markalı avtomobildə meyiti tapılan şəxsin 1986-cı il təvəllüdlü Fikrət Fikrət oğlu Həsənli olduğu müəyyən edilib.
Avtomobilin sahibi həmin şəxsi əvvəldən tanımadığını bildirib. O, həmçinin qeyd edib ki, avtomobilini evin qarşısında saxlayıb və gecə yanğın xəbərinə küçəyə çıxıb. Bu zaman maşının salon hissəsində yanğın baş verdiyini görüb.
Ölən şəxsin cinayət qurbanı olması və ya özünün hər hansı başqa niyyətlə maşına daxil olması nəticəsində ölməsi versiyaları araşdırılır. Hazırda prokurorluq tərəfindən zəruri ekspertizalar təyin edilib.
Qafqazinfo-nun məlumatına görə, avtomobilidə yanaraq ölən şəxs narkotik aludəçisi olub. Kimyaçılar qəsəbəsində yaşayan F.Həsənli gecə saatlarında küçədə gördüyü avtomobilin şüşəsini sındıraraq içəri daxil olub.
O, soyuqdan qorunmaq üçün daxil olduğu avtomobilin içində ocaq yandırıb və yuxuya gedib. Salonun alovlanması nəticəsində R.Nəzərova məxsus avtomobil tamamilə yararsız hala düşüb və maşından çıxa bilməyən Fikrət yanaraq ölüb.
Şərhlər