(Yazı "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb)
Məhərrəm ayı və Kərbəla hadisəsi İslam tarixinin ən çox müzakirə olunan mövzularından biridir. Əsrlər boyu bu hadisə müxtəlif dini, tarixi və siyasi baxışlar çərçivəsində şərh edilib. Ona görə də Kərbəla faciəsinin mahiyyəti, ondan çıxarılan dərslər və Məhərrəm ayında formalaşmış ənənələr barədə cəmiyyətdə fərqli yanaşmalar mövcuddur.
Qaynarinfo Məhərrəm ayının mahiyyətini, bu aya olan yanaşmalar, Kərbəla faciəsinin tarixini ilahiyyatçı Tural İrfanla müzakirə edib.
Tural İrfan ilk olaraq vurğulayıb ki, İslam dininə görə, ümumiyyətlə, Həzrət Peyğəmbərin gətirdiyi missiyada hər hansı tarixi hadisə sadəcə ibrət və örnək kimi xatırladılır:
"Əgər söhbət mənfi hadisədən gedirsə, məqsəd onun bir daha təkrarlanmamasını vurğulamaqdır. Müsbət keyfiyyətlər daşıyan hadisələrdən isə ibrət götürülür və onlar gələcək nəsillərə çatdırılır. İslam tarixində baş vermiş hər hansı hadisəni dinin tərkib hissəsinə çevirmək, dinin ehkamlarına əlavələr etmək, xüsusi ayinlər formalaşdırmaq, yeni ibadət növləri, matəmlər və ya bayramlar təsis etmək İslam dininin mahiyyətinə və müsəlman düşüncəsinə zidd hesab olunur. Əksinə, bu cür yanaşmalar dinin saf mahiyyətinə xələl gətirən amillər kimi qiymətləndirilir.
Bununla bağlı çoxlu nümunələr göstərmək olar. Həzrət Peyğəmbərin həyatı və fəaliyyəti buna ən yaxşı örnəkdir. Onun dövründə Qurban və Ramazan bayramlarından başqa hər hansı bayram və ya matəm mərasimi mövcud olmayıb. İslam mahiyyət etibarilə sadə, lakonik və məzmuna üstünlük verən bir dindir. Eyni zamanda, o, insanın ölümdən sonra dirilməsinə və axirət həyatına inamı ehtiva edir. Yəni insanın ölümü ilə tamamilə yox olması anlayışını qəbul etmir.
Bu baxımdan vəfat etmiş və ya şəhid olmuş şəxslər üçün xüsusi matəm ayinlərinin keçirilməsi İslamda məqbul sayılmır. Qurana və İslamın ilkin qaynaqlarına əsasən, hər hansı peyğəmbərin, imamın və ya tarixi şəxsiyyətin vəfatı ilə bağlı matəm anlayışı mövcud deyil. Hətta müsəlmanların iştirak etdiyi müharibələrdə, o cümlədən Həzrət Peyğəmbərin dövründə İslamın yayılması uğrunda çoxsaylı şəhidlər verilməsinə baxmayaraq, onlar üçün xüsusi matəm mərasimləri keçirilməyib".
Tural İrfan deyir ki, ilk növbədə onu qeyd etmək lazımdır ki, Məhərrəm ayı mahiyyət etibarilə matəm ayı deyil:
"Ümumiyyətlə, İslam dinində matəm anlayışı yoxdur. Yas var və o da insan vəfat etdikdən sonra üç gün davam edir. Bu məsələləri əsas götürdükdə demək olar ki, ölkəmizdə İmam Hüseynin şəhadəti ilə bağlı Məhərrəm ayında keçirilən tədbirlərin mahiyyəti çox zaman düzgün çatdırılmır. İslam prizmasından yanaşdıqda və tarixi ənənələrimizə nəzər saldıqda görürük ki, Səfəvilər dövrünə qədər Azərbaycanda da Məhərrəm ayı və digər dini mərasimlər İslamın ilkin qaynaqlarına uyğun şəkildə qeyd olunub. Sonrakı dövrlərdə isə vəziyyət dəyişib. Kərbəla hadisəsi mahiyyət etibarilə siyasi xarakter daşıyan bir hadisədir. Onun yaranma səbəbləri hakimiyyət uğrunda mübarizə, daxili qarşıdurma və vətəndaş müharibəsi ilə bağlıdır. Tarixdən məlumdur ki, xilafətin parçalanmasından sonra müxtəlif siyasi qüvvələr öz hakimiyyətlərini möhkəmləndirmək üçün yeni ideoloji modellər formalaşdırmağa çalışırdılar. Bu prosesdə Əhli-beyt amilindən də siyasi məqsədlərlə istifadə olunurdu. Sasani imperiyasının süqutundan sonra İslama daxil olmuş fars mənşəli əhali arasında da fərqli siyasi baxışlar mövcud idi. Bu qüvvələr Əhli-beytə bağlılıq ideyasını ön plana çıxararaq alternativ siyasi model formalaşdırmağa çalışırdılar. Həzrət Hüseynin Kufəyə dəvət olunması da həmin mürəkkəb siyasi proseslərin tərkib hissəsi idi.
Tarixi mənbələr göstərir ki, Kufədən Həzrət Hüseynə çoxsaylı məktublar göndərilmiş, o, siyasi proseslərə qoşulmağa çağırılmışdı. Lakin sonradan vəziyyət dəyişmiş, nəticədə faciə baş vermişdi. Bu hadisə sonrakı əsrlərdə müxtəlif siyasi və dini cərəyanlar tərəfindən fərqli formalarda şərh olunub. Əlbəttə, Kərbəla hadisəsində mənəvi məqamlar, fədakarlıq, sədaqət və ədalət uğrunda mübarizə kimi elementlər də mövcuddur. Lakin hadisənin əsas mahiyyəti həmin dövrün siyasi qarşıdurmaları ilə bağlıdır. Burada bir tərəfdən hakimiyyətlə narazı qüvvələrin fəaliyyəti, digər tərəfdən isə xilafətin həmin etirazları sərt üsullarla yatırmaq cəhdləri dayanır. Bu hadisədən çıxarılmalı olan əsas nəticə vətəndaş qarşıdurmalarının, siyasi təxribatların və daxili parçalanmaların cəmiyyətlər üçün ağır nəticələr doğurmasıdır.
Kərbəla faciəsi əsrlər boyu məhz belə bir acı təcrübə kimi xatırlanır. Vətənpərvərlik, fədakarlıq və mənəvi dəyərlər baxımından İslam tarixində başqa nümunələr də mövcuddur. Həzrət Peyğəmbərin dövründə baş vermiş Bədr döyüşü, Uhud müharibəsi, Məkkənin fəthi və digər hadisələr bu baxımdan mühüm örnəklər hesab olunur. Kərbəla hadisəsindən götürülməli olan əsas dərs odur ki, dini və mənəvi dəyərlər siyasi ambisiyalara qurban verilməməlidir. İnsanlar təxribatlara uymamalı, cəmiyyət daxilində birlik və vəhdət qorunmalıdır. Həm dini, həm də siyasi müstəvidə qarşıdurma və nifaqın qarşısının alınması əsas məqsəd olmalıdır. Bu hadisə ilk növbədə faciədir və onun yaratdığı ağrılı nəticələr bu gün də hiss olunur. Ona görə də Kərbəla hadisəsindən çıxarılan əsas nəticə birlik, vəhdət,
qarşılıqlı hörmət və dini dəyərlərin siyasi məqsədlər üçün istismar edilməməsi olmalıdır. Təəssüf ki, bu məqamlar bəzən kölgədə qalır".
Həmsöhbətimiz vurğulayır ki, Kərbəla hadisəsinin əsas mahiyyətinin cəmiyyətə düzgün çatdırıldığını hələ də görmürük:
"Çünki bu hadisə Səfəvilər dövründən bu günə qədər formalaşmış ənənələr, xurafat və mövhumatlar çərçivəsində təbliğ olunur. Bunun da səbəbi ondan ibarətdir ki, həmin dövrdə qurulan dövlətlərin ideologiyası və siyasi mexanizmləri əsasən dini təriqətlərə və məzhəblərə söykənirdi. O zamanlar təriqətlər və məzhəblər müəyyən mənada siyasi partiya funksiyasını yerinə yetirirdi. Səfəvilər də öz siyasi məqsədlərinə uyğun olaraq bu ideologiyanı seçmişdilər. Nəticədə İmam Hüseynin şəhadəti məsələsindən siyasi maraqlar naminə istifadə olundu.
Əslində, Kərbəla hadisəsi nə qədər təmtəraqlı və emosional şəkildə qeyd olunsa da, onun mahiyyəti bir çox hallarda düzgün təqdim edilmir. Çünki müxtəlif siyasi-ideoloji tədbirlər, etiraz xarakterli aksiyalar, xurafat və mövhumatlar, eləcə də emosional yanaşmalar hadisənin həqiqi məzmununun cəmiyyətə çatdırılmasına mane olur. Halbuki hadisənin mahiyyəti düzgün izah edilsə, onun ətrafında formalaşmış bir çox yanlış təsəvvürlər və sui-istifadə halları da aradan qalxar.
Məsələn, Kərbəla hadisəsində 120-dən artıq insanın şəhid olduğu bildirilir. Lakin adətən bu hadisə simvolik olaraq 72 nəfərlə əlaqələndirilir. Hətta həmin şəxslərin də əksəriyyətinin həyatı və fəaliyyəti barədə cəmiyyətə geniş məlumat verilmir. Məhərrəm günlərində onların tarixi şəxsiyyət kimi tanıdılmasına deyil, daha çox ağlaşma mərasimlərinə, mərsiyələrə və rəvayətlərə üstünlük verilir.
Diqqət əsasən şüarlara, bayraqlara, emosional çıxışlara və kütləvi aksiyalara yönəlir. Bu isə hadisənin mahiyyətinin arxa plana keçməsinə səbəb olur. Nəticədə cəmiyyət Kərbəla hadisəsinin tarixi və siyasi məzmunundan çox, onun emosional tərəfi ilə üz-üzə qalır. Bu ənənənin tarixi əsrlərlə ölçülür və müxtəlif ideoloji təsirlər nəticəsində formalaşıb. Azərbaycana isə təxminən beş yüz il əvvəl gəldiyi hesab olunur. Məsələnin həssas tərəfi ondadır ki, hadisəyə fərqli yanaşma ortaya qoyanlar çox vaxt tənqid olunur, hətta elə təqdim edilir ki, guya onlar İmam Hüseynə və ya Kərbəla hadisəsinə qarşı çıxırlar. Halbuki söhbət hadisənin mahiyyətinin daha obyektiv və tarixi əsaslarla izah edilməsindən gedir".
İlahiyyatçı hesab edir ki, Kərbəla hadisəsinin bu formada qeyd olunması bir sıra problemlər yaradır:
"Birincisi, bu yanaşma İslamın ilkin mənbələrindəki prinsiplərlə uyğunluq təşkil etmir. İkincisi, Azərbaycanın milli-mədəni ənənələri ilə tam uzlaşmır. Üçüncüsü isə müəyyən hallarda cəmiyyətdə parçalanma və qarşıdurma meyllərini gücləndirə bilir. Məsələn, İmam Hüseynin şəhadətindən günlər əvvəl matəm mərasimlərinə başlanılması dini baxımdan da mübahisəli yanaşmadır. Adətən hər hansı anım mərasimi hadisədən sonra keçirilir. Lakin Məhərrəm ayının ilk günündən etibarən matəm ab-havasının yaradılması göstərir ki, burada tarixi hadisədən daha çox sonradan formalaşmış ideoloji və siyasi elementlər də mövcuddur.
Bu səbəbdən hesab edirəm ki, Kərbəla hadisəsinə daha çox tarixi və ibrətamiz hadisə kimi yanaşılmalı, onun siyasi və dini məqsədlər üçün istifadəsinə yol verilməməlidir. Hadisənin əsas dərsləri birlik, vəhdət, təxribatlardan uzaq olmaq və dini dəyərlərin siyasi məqsədlərə qurban verilməməsi olmalıdır.
İnsanlarımızın əksəriyyəti dini məsələlər barədə kifayət qədər məlumata malik olmadığından və ya müxtəlif xarici təsirlərin nəticəsində bu cür yanaşmalara meyl göstərirlər. Bu gün də məlumdur ki, bəzi xarici qüvvələr dini mövzulardan öz siyasi və ideoloji məqsədləri üçün istifadə etməyə çalışırlar. Onlar ölkə daxilində təsir dairələrini genişləndirmək, müəyyən kütlələr formalaşdırmaq və öz maraqlarını həyata keçirmək üçün məhz bu çevrələrə üz tuturlar.
Hər bir halda hesab edirəm ki, ölkəmizdə milli düşüncəli din xadimləri və ilahiyyatçılar yetişməlidir. Onlar Kərbəla hadisəsi kimi mühüm tarixi və dini hadisələrin mahiyyətini insanlara düzgün və obyektiv şəkildə çatdırmalıdırlar. Çünki Məhərrəm ayı və Kərbəla hadisəsi ətrafında xarici təsirlərin siyasi və ideoloji məqsədlərlə sui-istifadə cəhdləri müşahidə olunur. Bu cəhdlər bəzən cəmiyyətdə məzhəbçilik meyllərinin güclənməsinə, ayrı-seçkiliyin və dini zəmində qarşıdurmaların yaranmasına xidmət edir.
Bunun qarşısını almaq üçün ilk növbədə milli ruhlu ilahiyyatçıların yetişdirilməsi vacibdir. Söhbət məzhəbçi deyil, dinin əsas prinsiplərini təbliğ edən, İslamın mahiyyətini düzgün izah edən, Azərbaycanda mövcud olan bütün məzhəblərə və dini konfessiyalara hörmətlə yanaşan ilahiyyatçılardan gedir. Təəssüf ki, bu gün din xadimlərinin əhəmiyyətli hissəsi xarici ölkələrdə dini təhsil alıb və həmin ölkələrin dini modellərinin təsiri altında formalaşıb. Nəticədə onlar çox vaxt dini deyil, daha çox mənsub olduqları məzhəbi təbliğ edirlər. Bu isə cəmiyyətdə qütbləşməyə səbəb olur.
Bir tərəfdə Kərbəla hadisəsini və şiə məzhəbini ön plana çıxaran qruplar, digər tərəfdə isə sələfi və ya vəhhabi istiqamətli yanaşmaları təbliğ edən çevrələr meydana çıxır. Bu qruplar bir-birinə qarşı mübarizə aparmaqla yanaşı, qarşılıqlı şəkildə bir-birlərinin mövcudluğunu da gücləndirirlər. Nəticədə cəmiyyət daxilində həmrəylik və vəhdətə zərər dəyir.
Təəssüf doğuran məqamlardan biri də odur ki, müstəqil düşüncəli, milli maraqları əsas götürən ilahiyyatçılar üçün hər zaman əlverişli şərait yaradılmır. Halbuki dövlətçilik düşüncəsinə malik, müasir dünyagörüşlü, tolerantlığı, milli həmrəyliyi və dini dözümlülüyü müdafiə edən ilahiyyatçılara ciddi ehtiyac var. Hesab edirəm ki, Azərbaycanın milli ənənələrinə, dövlətçilik maraqlarına və mənəvi dəyərlərinə uyğun dini model formalaşdırılmalıdır. Bu model xarici təsirlərə deyil, ölkənin tarixi, mədəniyyəti və milli maraqlarına söykənməlidir. Bunun üçün də Azərbaycanda yetişmiş, vətənpərvər, savadlı dinşünas və ilahiyyatçıların fəaliyyətinə daha geniş imkan verilməlidir.
Bir çox müsəlman ölkələrində olduğu kimi, dini mövzular geniş müzakirə edilməli və cəmiyyətə aydın şəkildə izah olunmalıdır. Məsələn, Məhərrəm hadisəsi ilə bağlı tarixçilər, alimlər, akademiklər və sağlam düşüncəli ilahiyyatçılar televiziya proqramlarına dəvət oluna bilər. Həftədə bir və ya iki dəfə bu mövzulara həsr olunmuş geniş müzakirələr təşkil edilə bilər ki, insanlar hadisələrin mahiyyəti barədə düzgün məlumat əldə etsinlər.
Təəssüf ki, əksər hallarda belə olmur. Bir televiziya kanalı hansısa məzhəb yönümlü din xadimindən qısa müsahibə alır və o, məsələni öz məzhəbi prizmasından təqdim edir. Ertəsi gün başqa bir televiziya kanalı rəqib məzhəbin nümayəndəsini danışdırır və o da tam əks mövqe ortaya qoyur. Məsələn, Məhərrəm ayında toy edib-etməmək məsələsində olduğu kimi. Nəticədə cəmiyyətə obyektiv və balanslı yanaşma deyil, məzhəb mövqeləri təqdim olunur.
Bu, sağlam maarifləndirmə hesab edilə bilməz. Biz müəyyən məsələlərin qadağan olduğunu və ya düzgün olmadığını deyirik, lakin əsl həqiqətin nə olduğunu, düzgün yanaşmanın necə olmalı olduğunu cəmiyyətə sistemli şəkildə izah etmirik. Bunun üçün media və mətbuatda geniş imkanlar yaradılmalıdır".
İlahiyyatçının fikrincə, ictimai qurumların da bu istiqamətdə fəaliyyəti daha fəal olmalıdır:
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini müsbət qiymətləndirirəm. Komitə dövlət qurumu olduğu üçün dini ayinlərə birbaşa müdaxilə edə bilməz. Çünki Azərbaycanda din dövlətdən ayrıdır. Lakin öz səlahiyyətləri çərçivəsində tolerantlığın qorunması, milli həmrəyliyin gücləndirilməsi, xurafat və mövhumatla mübarizə istiqamətində mühüm işlər görür. Eyni zamanda, Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti çərçivəsində milli ruhlu və müasir dünyagörüşlü ilahiyyatçıların hazırlanmasına çalışılır.
Bununla yanaşı, bəzi dini institutların fəaliyyətinə dair ciddi tənqidlər də mövcuddur. Məsələn, israfçılıq yaradan ehsan məclisləri, müxtəlif dini adətlər və cəmiyyət üçün problem yaradan bəzi məsələlər barədə aydın mövqe ortaya qoyulmaması tez-tez müzakirə olunur. Həmçinin xarici dini modellərin təsiri altında formalaşmış din xadimlərinin fəaliyyətinin Azərbaycandakı dini mühitə təsiri də mübahisə mövzusudur.
Nəticədə cəmiyyətdə müxtəlif dini qütblər formalaşır. Bir tərəfdə müəyyən məzhəb yönümlü qruplar, digər tərəfdə isə onlara alternativ dini cərəyanlar meydana çıxır. Bu isə milli həmrəyliyin və dini vəhdətin zəifləməsinə səbəb olur.
Azərbaycan dünyəvi dövlətdir və burada din dövlətdən ayrıdır. Buna görə də ölkədə formalaşan dini model də məhz bu prinsiplərə uyğun olmalıdır. Xarici ölkələrin dini və ya teokratik modellərinin olduğu kimi Azərbaycana gətirilməsi düzgün nəticələr vermir. Çünki həmin modellər başqa siyasi və ictimai sistemlərin məhsuludur".
Günay İlqarqızı
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər