Xəbər lenti

Məhkəmə Trampın avtomatik vətəndaşlığa qarşı fərmanını blokladı
Dünya 11:01 24.01.2025

Məhkəmə Trampın avtomatik vətəndaşlığa qarşı fərmanını blokladı

23 yanvar, cümə axşamı federal hakim ABŞ-ın yeni prezidenti Donald Trampın ABŞ-da doğulan şəxslərin avtomatik vətəndaşlıq hüququnun məhdudlaşdırılması barədə fərmanını "tamamilə konstitusiyaya zidd" adlandıraraq müvəqqəti olaraq icrasını qadağan edib.  

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.  

ABŞ-ın Sietldən olan bölgə hakimi Con Kuqenur Vaşinqton, Arizona, İllinoys və Oreqon ştatlarının tələbinə əsaslanaraq Tramp administrasiyasının fərmanını icra etməsini müvəqqəti qadağan edən məhkəmə qərarı çıxarıb. Tramp həmin fərmanı prezident vəzifəsinə ilk günü – 20 yanvarda imzalamışdı.  

Agentliyin məlumatına görə, hakim Kuqenur Trampın sərt miqrasiya siyasətinə, ikinci prezidentlik müddətinin əsas elementlərindən birinə ilk hüquqi zərbəni vurub.  

"Əlbəttə ki, bu qərardan apelyasiya şikayəti verəcəyik", – Tramp Kuqenurun qərarı ilə bağlı belə bildirib.  

Trampın fərmanı ABŞ-da doğulan, lakin valideynlərindən heç biri ABŞ vətəndaşı və ya qanuni daimi sakin olmayan uşaqlara vətəndaşlıq verilməməsini nəzərdə tuturdu.  

Kuqenurun qərarı Trampın bu siyasətini bütün ölkə üzrə 14 gün müddətində dayandırır. Bu müddət ərzində hakim uzunmüddətli məhkəmə qadağası tətbiq edib-etməmək barədə müzakirələr aparacaq. O, bu məsələdə tərəflərin arqumentlərini 6 fevralda dinləyəcək.  

"Vəkillər Kollegiyasının üzvü olaraq kimsənin bu fərmanın konstitusiyaya uyğun olduğunu birmənalı şəkildə necə iddia edə biləcəyini başa düşmək çətindir", – deyə agentlik hakimin ABŞ Ədliyyə Nazirliyinin fərmanı müdafiə edən vəkilinə dediyi sözlərini sitat gətirib.  

Qeyd edək ki, Tramp hakimiyyətinin ilk günü çoxsaylı sərəncamlar verərək sələfi Co Baydenin onlarla qərarını ləğv edib.  

Həmçinin, o, 6 yanvar 2021-ci ildə Kapitoliya hücumu ilə bağlı ittiham olunan təxminən 1500 nəfəri əfv edib.  

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->