Xəbər lenti

“Məmurları həbs edib, Qobustana göndərməyin heç bir mənası yoxdur”
Ölkə18:11 09.04.2015

“Məmurları həbs edib, Qobustana göndərməyin heç bir mənası yoxdur”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynada son günlər korrupsiya ilə bağlı kütləvi həbslər aparılır. Adı korrupsiyada bulaşmış yüksək rütbəli dövlət məmurları, ordu generalları məsuliyyətə cəlb olunurlar. 
Qeyd edək ki, son illərdə Azərbaycanda da buna bənzər əməliyyatlar həyata keçirilir. Amma göründüyü kimi, Ukraynadan fərqli olaraq, ölkəmizdə bu proses tam fərqli şəkildə aparılır. Korrupsiyada adı keçən iri məmurlar deyil, xırda məmurlar həbs edilir. Təsadüfi deyil ki, indiyə qədər korrupsioner dövlət məmurunun heç biri korrupsiya ilə bağlı nə həbs edilib, nə də vəzifəsindən uzaqlaşdırılıb.
Deputat Fəzail Ağamalı hesab edir ki, Azərbaycan və Ukrayna bir-biri ilə müqayisə olunmaz dərəcədə fərqlənirlər: “Ukrayna və Azərbaycanı müqayisə etmək kökündən yanlışdır. Azərbaycan Ukraynanın indiki mərhələsini 20 il əvvəl keçib. Ölkəmiz korrupsiya və rüşvətxorluğu yaradan amilləri aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər həyata keçirir. Bunlardan biri “ASAN xidmət”dir. İkincisi, məmurlarla vətəndaşlar arasında təmas yaratmaq üçün elektron hökumətin yaradılması, “vahid pəncərə” sisteminin tətbiq edilməsidir. Bütün bunların hamısı rüşvətxorluq və korrupsiyanın aradan qaldırılmasında mühüm rol oynayır. Vaxtilə mən müşavirələrin birində demişdim ki, işləyən, korrupsiyada adı keçən məmurları həbs edib, Qobustana göndərməyin heç bir mənası yoxdur. Onların yerinə gələnlər əvvəlkilərdən betər olacaq. Sadəcə bu problemləri doğuran səbəbləri, şərait yaradan amilləri aradan qaldırmaq lazımdır. Azərbaycan hakimiyyəti son 5 ildə bu tədbirləri həyata keçirir. Bu yoldan nəticə çıxarmayanlar inzibati yolla cəzalandırılır, cinayət məsuliyyətinə cəlb olunur. Bu proseslərdə heç kimə güzəşt yoxdur. Ona görə Azərbaycan və Ukraynanı müqayisə etmək çox ədalətsiz yanaşmadır. Ən azından ədalət naminə bu cür yanaşma aparmaq  düzgün deyil”.
Politoloq Natiq Miri tamam fərqli düşünür. O, mövcud idarəetmənin bu problemlərə yol açdığı qənaətindədir: “Azərbaycanda sistemin yeni dəyərlər üzərində dəyişdirilməsinə qərar verilməyib. Ölkəmizdə avtoritar idarəetmə sistemi mövcuddur. Konkret iradədən asılı olan sistem fəaliyyət göstərir. Hakimiyyətin bölüşdürülməsi də formal xarakter daşıyır. Ukraynada artıq köhnə sistem tamam aradan qaldırılır. Yeni demokratik sistem yaradılır.  Bu, Qərb dünyası üçün keçərli modeldir. Ukraynanın hədəfi Qərbə inteqrasiyadır. Korrupsiyanın aradan qaldırmaqla iqtisadiyyatı yüksəltmək mümkündür. Başqa alternativ  yoxdur. Amma Azərbaycanın başqa alternativ yolları var. Pis-yaxşı dövlət idarə olunur. Stabillik nisbi olsa da, gözlənilir. Dövlət üçün təhlükələr yoxdur. Amma zaman çərçivəsində bunun da ölkəmiz üçün keçərliliyi olmaya bilər. Yeni demokratik sistemin qurulmasına, korrupsiya ilə sözün əsl mənasında mübarizə aparılmasına qərar verilə bilər. Amma bu gün buna hazır deyilik. Çox kiçik məmurlar kiçik rüşvətlərlə həbs olunur. Bunun da cəmiyyət və idarəetmə sisteminə təsiri olmur”.//musavat.az
Qaynar.info