İdman 10:32 07.02.2023

Millimizin üzvü dəhşətli anlardan danışdı: "Divarlar çox pis silkələnirdi"

Türkiyənin "Çukurova Adana BLD. Demirspor" klubunda çıxış edən Azərbaycan millisinin üzvü Olena Xarçenko təhlükəsizlikdə olduğunu bildirib.
 
Qaynarinfo xəbər verir ki, Türkiyənin cənub-şərqində baş verən zəlzələ Adana şəhərində də ciddi fəsadlar törədib. Millimizin üzvü Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verib. Baş verənlərdən sarsılan blokçu hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:

"Zəlzələ səhərə yaxın təxminən saat 04:17 radələrində baş verdi, biz yuxudan oyandıq. Divarlar çox pis silkələnirdi, yerimizdə durmaqda çətinlik çəkirdik. Zəlzələ uzun müddət davam etdi, çox qorxduq. Anamla yaxınlıqda yerləşən parka getdik və bir müddət orada gözlədik. Sonra evə qayıdıb bəzi əşyalarımızı götürüb zala yollandıq. Həmin vaxt yenidən zəlzələ oldu, çox qorxulu idi. Hazırda isə biz zaldayıq. Mən və komanda yoldaşlarım yaxşıyıq. Lakin çoxlu itkilər var. Hələ də dağıntılar altında qalanlar var. Allah köməkləri olsun və tezliklə sağ-salamat dağıntılar altından çıxarılsınlar. Ölənlərə də Allah rəhmət eləsin".
 
Səbuhi Həsənov