Dünya 11:34 22.09.2022

“Mir” kartları yeni çətinliklə üzləşib: Türkiyə bankları da bu ödənişlərdən imtina edirlər

"Mir” ödəniş sisteminin kartları yeni çətinliklərlə üzləşib. İndi onlar Ermənistan, Qazaxıstan və Vyetnam bankları tərəfindən qəbul edilmir. Rusiyaya bağlı ödəniş sistemi ilə işləməkdən imtinaya səbəb isə ABŞ və Avropa ölkələrinin sanksiyalarıdır. Belə ki, banklar ikinci dərəcəli məhdudiyyətlərə düşməkdən qorxur və Rusiya sistemi ilə əməkdaşlıq naminə riskə getməyə hazır deyillər.
 
Ermənistan "Mir” kartlarına xidmət göstərməyi tamamilə dayandırıb. Mərkəzi Bank hər bir kommersiya bankına Rusiyanın ödəniş sistemi ilə əməkdaşlıq risklərini müstəqil həll etmək və qiymətləndirmək hüququ verib, lakin yerli banklar riskə getməyib və belə kartlara xidmət göstərməyi dayandırıblar. "Mir” kartları ilə bağlı analoji tədbirlər Qazaxıstanın ən böyük bankı "Halık”da və Vyetnamın ən böyük banklarından biri olan BIDV-də həyata keçirilib - Kartlara artıq onlar tərəfindən xidmət göstərilmir. 

Qeyd edək ki, "Mir” kartlarından səkkiz ölkədə istifadə olunurdu. Rusiyanın ödəniş sistemində problemlər ABŞ və Avropa İttifaqının ən böyük bankları "Mir” sistemi ilə işi gücləndirən Türkiyəyə qarşı təhdidlərindən sonra başlayıb. Bununla belə, Qərb ölkələrinə Rusiya ilə əməkdaşlıq və sanksiyalardan yayınmaqda mümkün yardım barədə xəbərdarlıq etdikdən sonra türk bankları "Mir” kartı ilə işləməkdən imtina etməyə başlayıblar. 

Qaynarinfo-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirir ki, bir sıra ölkələrin "Mir” ödəniş sistemindən imtinası nəticəsində Rusiya heç bir bankdan pulu nə qəbul edə, nə də göndərə biləcək:



"Sanksiyalar çərçivəsində bildiyiniz kimi, Rusiyanın bank sistemi SWİT-dən ayrıldı. Bundan sonra Rusiya alternativ "Mir” ödəniş sistemini yaratdı. Moskva alternativ bank sistemi yaratmaqla özünə müttəfiq ölkələrlə "Mir”sistemi vasitəsilə ödənişlər həyata keçirirdi. Qərb isə Rusiyanın bu oyununa gedən ölkələrə təzyiq edib ki, Moskvaya yönəlik sanksiyaların daha təsirli olması üçün onlar "Mir” ödəniş sistemindən çıxsın. Əks təqdirdə, Rusiyaya yönəlik sanksiyalar "Mir”dən istifadə edən digər ölkələrə də şamil edilə bilər. Bunun nəticəsi olaraq əvvəl Rusiyanın oyununa gedən ölkələr indi "Mir” ödəniş sistemindən imtina etməyə başlayıblar. Belə vəziyyət isə Rusiyanın bütünlüklə bloklanması deməkdir. Şimal ölkəsinin bank sistemi bloklanacaq. Rusiya heç bir bank sistemindən nə pul qəbul edə, nə də göndərə bilməyəcək”. 

Rüfət Sultan