
Hazırda Avropa ölkələrinin birində mühacirətdə olan Müsavat Partiyasının fəalı Royal Şirinlinin ailə üzvlərinə təzyiq edilir.
Royal Şirinlinin xalası Həqiqət Oğuzun Qaynar.info-ya verdiyi məlumata görə, mülki geyimli şəxslər və ərazinin polisləri Royal Şirinlinin ailəsinə təzyiq edir, onun hansı ölkədə olması ilə maraqlanırlar.
Müsavat Partiyası Oğuz Rayon Təşkilatının fuksioneri Vaqif Davud əməkdaşımıza verdiyi acıqlamasında bildirib ki, Royal Şirinli məcburiyyət qarşısında ölkəni tərk edib: “Royalın siyasi və jurnalist fəaliyyəti hakimiyyət nümayəndələrini ciddi şəkildə narahat edirdi. Xüsüsən seckilər barədə hazırladığı videomateriallar və seçki saxtakarlığı ilə bağlı tərtib etdiyi aktlar hakimiyyəti qəzəbləndirmişdi. Onu təhdid edirdilər. Royal ölkəni tərk edib, lakin onun ailəsini yenə narahat edirlər. İstəyirlər ki, Royal geri qayıtsın və onu həbs etsinlər”.
Müsavat Partiyasının gənc fəalı Royal Şirinli Oğuz rayonunda siyasi fəaliyyətlə məşğul olub. 2010-cu il parlament və 2013-cü il prezident seckiləri zamanı müşahidəçi olub. Royal Şirinli seçki saxtakarlıqlarını əks etdirən video çəkilişləri “YouTube” internet şəbəkəsində “Elcibəyin nəvəsi” niki (https://www.youtube.com/channel/UCHl9xhJDv-MltAUkBshwMsQ) adı altında ilə yayıb.
Bundan sonra, Royal Şirinliyə qarşı təzyiqlər edilib. Oğuz rayonunun icra hakimiyyəti, polis və xüsisi xidmət orqanları müxalifətçi gənci həbs etməklə hədələyiblər. Hakimiyyət orqanları Royal Şirinlidən seçki saxtakarlıqları ilə baglı internetdə yerləşdirdiyi videoları silməyi tələb ediblər. Royal Şirinli siyasi fəaliyətilə yanaşı, bölgədə bloger fəaliyəti də göstərib. Rayon rəhbərliyinin özbaşnalıqlarını ifşa edən materyaları internet vasitəsi ilə yayıb. Xüsüsən rayon meşələrinin məhv edilməsi ilə bağlı cəkdiyi videolar Azərbaycanda böyük əks sadayə səbəb olmuşdu. Royal Şirinli hakimiyyətin basqıları nəticəsində ötən ilin dekabrında Azərbaycanı tərk edib.
Qeyd edək ki, 2013-cü ilin prezident seckilərindən sonra Azərbaycan hakimiyyəti represiyaları daha da şiddətləndirib. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanda 140 nəfər siyasi və vicdan məhbusunun olduğunu bəyan ediblər. Azərbaycan Avropa Şurası Nazirlər Kabinetinə sədirlik dönəmində yerli Qeyri-Hökümət Təşkilatlarının fəaliyyətinə qadağa qoyulub. QHT-lərin bank hesablarına həbs qoyulub, bir cox QHT-lərin əmlakı müsadirə olunub. Bu müddət ərzində 20-dən cox siyasi fəal və hüquq müdafiəcisi həbs edilib. Həbs edilənlər arasında tanınmış hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar, İntiqam Əliyev, jurnalist Seymur Həzi və başqaları var.
Ə. Muxtar

