
Ölkəmizdə ən ciddi problemlərdən biri sağlamlığını itirmiş əlil vətəndaşlarımızın üzləşdiyi çətinliklərdir. Problemin ən ağrılı tərəfi isə əlillik dərəcəsi almaq istəyən insanlarla bağlıdır.
Bəzi hallarda onlar bu dərəcəni almaq üçün süni maneələrlə qarşılaşırlar. Belə problemlə qarşılaşanlardan biri də İmanov Fariz Famil oğludur. Redaksiyamıza müraciət edən İmanov Fariz bildirib ki, müharibədə yaralnmasına baxmayaraq, amma əlillik dərəcəsi ala bilmir:
"Dəfələrlə müraciət etməyimə baxmayaraq, müraciətlərim cavabsız qalıb. İş məhkəməyə keçdi. Hazırda işimiz Şəki Apeliyasiya Məhkəməsindədir. Mən nazir Səlim Müslümova müraciət edirəm ki, niyə fərarilərə əllilik verildiyi halda real müharibə iştirakşısı əlillik ala bilmir? Əlimdə bütün ekspert rəyləri və sənədlər var. Lakin hər dəfə mənfi cavab alıram. Səbəb kimi isə deyillər ki sənin ayağın kəsilməyibsə əlillik düşmür. 1988 ci ildən zədə almışam. Sənədlərdə də hamsı göstərilib. Kağızlar var. Amma bəzi zədələrim qeydə alınmayıb. Bunlar da müayinə etmirlər. Özlərinin müayinə aparatı isə işlək vəziyyətdə deyil. O aparat onların istədiyi rəyi verir. Mövcud rəy isə nəzərə alınmır".
Qeyd edək ki Əlillik vəsiqəsi almaq üçün mövcud qaydalara uyğun olaraq həmin şəxs ətraflı müayinə olunur və ümumi nəticə əsasında müvafiq rəy verilir. Əlillik dərəcəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən müəyyən edilir. Bunun üçün yaşayış yeri üzrə tibbi-sosial ekspert komissiyasına səhiyyə müəssisəsinin göndərişi və şəxsiyyət vəsiqəsi təqdim olunur. Həmin sənədlərlə tibbi-sosial ekspert komissiyasına müraciət edən vətəndaş komissiya tərəfindən müayinə edilir və bundan sonra vətəndaşa əlillik dərəcəsi təyin edilib - edilməməsi barədə qərar çıxarılır.
Qaynarinfo.Az