Xəbər lenti

Narışkinin qorxusu: Tiflis Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti bərpa etmək istəyir?
Dünya 18:13 06.04.2023

Narışkinin qorxusu: Tiflis Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti bərpa etmək istəyir?

"Narışkinin dediklərində həqiqət payı var. Ancaq bu açıqlama həm də Tiflisə xəbərdarlıq məqsədi daşıyır. Onun bu açıqlaması qabaqlayıcı və Gürcüstan hakimiyyətini təhdidedici bir mesajdır”.
 
Bunu Qaynarinfoya açıqlamasında politoloq Natiq Miri deyib. Onun sözlərinə görə, Moskva düşünür ki, indiki münbit mühitdən istifadə edərək Tiflis də Abxaziya və Cənubi Osetiyanı geri qaytarmaq barədə düşünə bilər:

"Çünki Rusiya Ukrayna bataqlığında çabaladığı bir vəziyyətdə ikinci və üçüncü cəbhədə döyüşmək imkanına malik deyil. Bu baş verərsə, Moskvanın imkanları daha da tükənə bilər. Gürcüstanda Saakaşvili kimi iradəli dövlət başçısı olsaydı, indiki məqamda işğalda olan əraziləri azad etmək barədə düşünərdi. Buna görə də Narışkin sözügedən məqamı xüsusi olaraq qabartmaqla İvanişvili hakimiyyətini təhdid edir ki, Qərbin təzyiqilə ərazilərin işğaldan azad edilməsi barədə düşünməsin. 
 


Əslində, belə bir cəbhənin açılmasına cəhdlər tək Gürcüstan və Moldova ilə məhdudlaşmır. Azərbaycan Ermənistan sərhədi, hətta Qarabağın özündə də bu istiqamətdə konkret fəaliyyətlər var. Çünki Moskvanın prosesə müdaxiləsinə nail olmaq üçün min cür oyunlar oynanılır və bu zaman yaşadığımız region da istisna deyil”. 

Ekspert vurğulayıb ki, Kremlin Qafqaz ölkəsində çevriliş etmək cəhdlərini istisna etməsə də, buna nail olacağını düşünmür: 

"Rusiyanın artıq əvvəlki gücü yoxdur ki, çevriliş etsin. Nisbətən Gürcüstanda hakimiyyət vasitəsilə öz maraqlarını təmin etməyə cəhd etdi. Ancaq Qərb yerli xalqı ayağa qaldırmaqla onları da yerində oturtdu. Düşünmürəm ki, bundan sonra Moskva Tiflis, Bakı və İrəvanda hansısa  güclü mövqelərə malik olsun”. 

Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə Qərbin Gürcüstanı Rusiyaya qarşı ikinci cəbhə açılmasının zəruriliyinə inandırmağa çalışdığını bəyan edib. Narışkinin sözlərinə görə, Qərb Tiflisi inandırmaq istəyir ki, hazırda Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti bərpa etmək üçün əlverişli məqamdır. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->