NATO-nun Baş katibi Yens Stoltenberq özünə müdafiə investisiyaları üzrə yeni müavin təyin edib. Bu, Finlandiya Müdafiə Nazirliyinin resurs siyasəti şöbəsinin rəhbəri Tarya Yaakkoladır.
Qaynarinfo "RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat
yayıb.
Yeni müavin vəzifəsinin icrasına 2 sentyabr 2024-cü ildə başlayacaq.
Müdafiə İnvestisiyaları İdarəsi NATO və müttəfiqlərinin hava və raketdən müdafiə də daxil olmaqla maddi imkanlarının inkişaf etdirilməsinə cavabdehdir.
Bu rolda Yaakkola həm də NATO Milli silah direktorları konfransına (CNAD) sədrlik edəcək.
Finlandiyanın müdafiə naziri Antti Hakkənen Yaakkolanın təyinatını ölkə və Alyans üçün mühüm hadisə adlandırıb. Yaakkola NATO-da belə yüksək vəzifə tutan ilk Finlandiya nümayəndəsi olub.
NATO-nun Baş katibinə tabe olan cəmi səkkiz müavin var. Yaakkola Alyansın Baş katibinin ilk finlandiyalı müavinidir.
1964-cü il təvəllüdlü Tarya Yaakkola 2022-ci ildən Müdafiə Nazirliyinin resurs siyasəti şöbəsinə rəhbərlik edir. Daha əvvəl Müdafiə materialları şöbəsinin müdiri, Müdafiə Nazirliyinin hökumət müşaviri, şöbə müdirinin müavini və Brüsseldəki Avropa Müdafiə Agentliyinin (EOA) şöbə müdiri kimi vəzifələrdə çalışıb.
Nizami Bağırov
Şərhlər