"Dövlətin fəaliyyət planı dörd istiqaməti əhatə edən 58 təşəbbüsdən ibarətdir."
Qaynarinfo xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Milli Məclisdə "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Nazir müavini bildirib ki, bu dörd istiqamət rəqəmsal inkişafın müxtəlif sütunlarını əhatə edir:
"Birinci istiqamət dövlət xidmətlərinin rəqəmsallaşdırılması, ikinci istiqamət süni intellekt, üçüncü istiqamət innovasiya ekosistemi, dördüncü istiqamət isə kibertəhlükəsizliklə bağlı təşəbbüslərdir. Artıq bu 58 təşəbbüsün hər biri üzrə mühüm işlər görülüb".
Rəşad Həsənov qeyd edib ki, rəqəmsallaşdırma istiqamətində əsas prioritetlərdən biri dövlət qurumlarında saxlanılan məlumatların mərkəzləşdirilməsidir:
"Bildiyiniz kimi, hazırda müxtəlif dövlət qurumları tərəfindən vətəndaşlara aid məlumatlar fərqli formatlarda və müxtəlif sistemlərdə saxlanılır. Bu isə analitika və süni intellekt imkanlarından tam istifadəni məhdudlaşdırır. Bunun qarşısının alınması məqsədilə mühüm layihələrdən biri olan dövlətə məxsus məlumat hövzəsinin yaradılması istiqamətində işlərə başlanılıb. Mərkəzləşdirilmiş məlumat bazası dövlət xidmətlərinin rəqəmsallaşdırılmasına, süni intellekt tətbiqlərinin genişləndirilməsinə və dövlət xidmətlərinin səmərəliliyinin artırılmasına imkan verəcək".
Vüqar
Şərhlər