Ekonomiks 19:07 07.12.2023

Nazirə məxsus olduğu deyilən şirkət 177 minlik tender uddu

Səhiyyənin Təminatı Mərkəzi mal-material dəyərlərinin könüllü əmlak sığortası növü üzrə sığortalanması xidmətinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) seçilib. 

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 177 000 AZN-dir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Qala Sığorta” ASC 15 yanvar 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 8 944 447 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi, ev 96-da yerləşir. ASC-nin qanuni təmsilçisi Allahverdiyev Fuad Kamran oğludur. 

"Qala Sığorta” ASC "Çartis-Azərbaycan" şirkətinin bazasında yaradılıb. Bu şirkət 1999-cu ildə təsis edilib. "Qala Sığorta” ASC-nin səhmlərinin 100 faizi "AzRe Təkrar Sığorta” şirkətinə məxsusdur.

Mediada gedən məlumatlara görə, "AzRe Təkrar Sığorta” şirkəti maliyyə naziri Samir Şərifova məxsusdur. Bu baxımdan, "Qala Sığorta” ASC-nin də nazirə məxsus olduğu deyilir. 

Samir Şərifov 2006-cı ildən maliyyə naziri vəzifəsində çalışır. 
 
Seyid