İdman 13:52 04.03.2023

“Neftçi” formasını dəyişir - yeni sponsor gəlir

"Neftçi” formalarını dəyişir. Azərbaycanın ən köklü klublarından olan flaqman indiyə qədər "Nike” firmasının məhsullarından yararlanırdı. Ancaq növbəti mövsümdən etibarən klub başqa şirkətlə sponsorluq müqaviləsi imzalamağa hazırlaşır. Həmin şirkətin də məşhur İtaliya brendi "Errea” olduğu bildirilir.  Məlumata görə artıq klub və şirkət arasında danışıqlar da başlayıb. Hətta "Neftçi" rəsmiləri danışıqlar üçün İtaliyaya da səfər edib və ilkin razılıq əldə olunub.

Klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqlədi. O şirkətlə hazırda danışıqlar aparıldığını bildirdi:

"İtaliyaya səfər etdiyimiz doğrudur. Hələ ki, görüşlərimiz davam edir və konfidensiallıq daşıyır. "Errea” danışıq apardığımız iki firmadan biridir. Görüşlər sırf texniki sponsorluqla bağlıdır. "Nike” sponsorumuz deyildi, onların məhsullarını ödəniş edib alırdıq.  Ümumiyyətlə Azərbaycanda heç bir klubun paltar firması ilə sponsorluğu yoxdur. Hazırda "Nike” ilə də danışırıq. Onlarla sırf sponsorluqla bağlı görüşürük”.

Allahverdiyev danışıq apardıqları şirkətin məhsullarının keyfiyyətinin yüksək olduğunu dedi:

"Yüksək keyfiyyətli, PRO kateqoriyalı məhsullardır. "Nike” ilə onlar arasında hər hansı fərq görmürük. "Errea” İtaliyanın ən böyük şirkətlərindən biridir. Bu iki şirkətin məhsullarının qiymətləri arasında da böyük fərq yoxdur. İlkin razılıq əldə etmişik, hazırda müqavilənin şərtləri ilə bağlı danışıqlar gedir. İstəyirik ki, akademiyamızın nəzdində olan komandaların da formalarını dəyişdirək. Sponsorluq müqaviləsində müəyyən detallar var. Komanda üçün dizaynerlərin hazırladıqları xüsusi formalar olacaq”.

Səbuhi Həsənov