İdman 13:28 14.07.2023

“Neftçi” rəsmisi: “Ona “səninlə davam etməyəcəyik” deyilməmişdi”

"Neftçi" mənimlə normal şəkildə vidalaşmadı. Özümdə kifayət qədər güc və təcrübə hiss edirdim komandaya yardım göstərmək üçün. Əminəm ki, "Neftçi”də qalsaydım, komandaya xeyrim dəyərdi. Ancaq bilmirəm, mənə münasibətdə niyə belə davrandılar. Lap deyək ki, lazım olmadım, yaşım çox idi deyə istəmədilər. Amma bunu normal şəkildə demək mümkün idi. Əlaqə saxlayıb bildirərdilər ki, Stanko, hər şeyə görə çox sağ ol, sənin yerinə nisbətən cavan futbolçu gətirmək istəyirik. İnanın, bu, özümə də xoş olardı və anlayışla qarşılayardım. Mənimlə kişi kimi vidalaşmadılar. Uzun fasilədən sonra "Neftçi”ni çempion edən futbolçulardan biri oldum, 4 ildə 150-yə yaxın oyunda iştirak etdim. Bu cür münasibətə layiq deyildim. Normal şəkildə sağollaşmaq olardı”.

Bu sözləri yay fasiləsində "Neftçi”dən ayrılan Voyislav Stankoviç söyləyib.
 
 
 
Bakı təmsilçisinin sabiq müdafiəçisi Azərbaycandan ayrıldıqdan sonra Serbiya Superliqasının debütantı "Jelezniçar"la (Pançevo) müqavilə imzalayıb. Ancaq karyerasının dörd ilini "Neftçi”də keçirən serbiyalı müdafiəçi yerli mətbuata açıqlamasında bu klubdan narazılığını bildirib. 

Onun fikirlərinə klubun Media Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev Qaynarinfo-ya açıqlamasında münasibətini bildirib:

"Stankoviçlə bağlı durum belədir ki, Laurentsiu Regekampfın qərarı gözlənilirdi. Məşqlər başlayandan sonra baş məşqçi qərarını verməli idi. Ancaq Rege ilə yollar ayrıldı, belədə gözlədik ki, yeni baş məşqçi gəlib Stankoviçlə bağlı fikirlərini bildirsin. Yeni təyinata qədər futbolçuya təklif gəldi və o seçimini etdi. Yəni ona "səninlə davam etməyəcəyik” kimi sözlər deyilməmişdi. Özünə də bildirilmişdi ki, məşqçinin qərarı gözlənilir. Komanda tapıb getdikdən sonra "Neftçi” olaraq ona xidmətlərinə görə təşəkkürümüzü bildirdik. Xüsusi olaraq təşəkkür videosu da hazırlamışdıq”.

Səbuhi Həsənov