Aqşin Yenisey
İnsan neqativin mühasirəsində yaşayır; bəzən bu neqativ mühasirə bir mədəniyyətin sərhədləri qədər geniş olur, bəzən bir ailənin sərhədləri qədər daralır, bəzən isə fərdi əhatə edən cəmiyyətin obrazına bürünür. Biz bu yazıda hər üç hala aid nümunələr verməyə çalışacağıq ki, subyektiv deyingənliyə yuvarlanmayaq.
Nitsşe bir neçə kitabında yunan mədəniyyətinin məktəblər dövrünü deyil, məbədlər dövrünü göylərə qaldırır; yunan mədəniyyətinin hind mədəniyyətinin təsirindən çıxmadığı dövrü. Sonradan nifrət edəcəyi Vaqnerdən ilhamlanaraq yazdığı "Musiqinin ruhundan tragediyanın doğulması” kitabında yunanların allahlar dövrünə qayıdır və xarakter etibarı ilə bir-birilərinə zidd olan tanrı Apollonla tanrı Dionisin sintezindən yaranan tragediyanı sənət üçün ideal bünövrə adlandırır. Yunan mifologiyasında Apollon ağlın, Dionis duyğunun təmsilçisidir. Apollon gücü ağıldan, mühakimədən alır, Dionis şərabdan, ağlın, mühakimənin yox edilişindən.
Nitsşe Dionisçi idi, yunan filosoflarını başda Sokrat olmaqla loqosa, Apollona tapındıqları üçün lənətləyirdi. Bu lənətin hədəfi isə Sokrat idi. Nitsşe ağlın tənqidinə Sokratı kasıb olduğu üçün aşağılamaqla başlamışdı. "Bütlərin alaqaranlığı” kitabında Sokratın dialektik fəlsəfəsini aristokratik qəliblərə qarşı qisas adlandırırdı. Nitsşe gücə heyran idi, çünki özü zəif idi. Dionisi də təbiətdən gələn qatqısız gücü təmsil etdiyi üçün sevirdi. Nitsşe yunan mədəniyyətində filosofların ağlının deyil, tanrıların (gücün) azadlığının tərəfində idi, halbki Sokrat bu güclərlə, yəni tanrılarla döyüşdüyü üçün ölümə məhkum edilmişdi. Sokrat Afinada gücü təmsil edən hər şey lənətləyirdi, gücün yerinə ədalət duyğusunu təklif edirdi.
Sokrat tanrı kimi deyil, insan kimi güclü olmağın simvolu idi. Nitsşenin onu söydüyü yaşda olanda özünü ölümə atıb dostu Alkiviadın həyatını xilas etmişdi. Qorxunu və ölümü yenmiş biriydi. Nitsşe Sokratı Sokratın arvadı kimi tənqid edirdi. Deyirdi ki, Sokrat fəlsəfəyə dedi-qodu gətirdi. Fəlsəfə bir ağızdan söylənməlidir, monoloq olmalıdır. Benda da Nitsşeni söyürdü ki, bu gənc impotent filosof yox, ideoloqdur. Nitsşe kölənin köləliyə hikkəsi idi. Sokratda söydüyü hər şey Nitsşeni Nitsşe etmişdi.
Sokrata bu qədər (barbarca) neqativ yanaşmasının səbəbi nə idi? Nitsşe təmsil etdiyi və içində yaşadığı Qərb mədəniyyətinə yenilmişdi. Onu getmək üçün can atdığı Almaniya-Fransa müharibəsinə zəif olduğu üçün buraxmamışdılar, hətta əyninə tibb bacısı paltarı geyindirib yara sarımaq üçün geri qaytarmışdılar. Roma cəngavəri olmaq istədiyi halda, şəfaverici xristian mələyi olmuşdu. Ömrü boyü gücə sitayiş edən bu adama güclüyə nəvaziş göstərən bir dişi rolu həvalə etmişdilər. Nitsşe alman müsiqisinin Dionisi olan Vaqnerə məğlub omuşdu; "Alman mədəniyyətinin allahı Vaqner deyil, mənəm!” bağıracaq qədər özündən çıxmışdı.
Nitsşedə neqativin, nihilizmin xronikiləşməsinin səbəbi mühasirəsində yaşadığı xristian Qərbi idi. Apollonçu, Aristotelçi Qərb.
Xristian dünyasının Orta əsrlərində həkimlər və keşişlər yaşadığı mədəniyyətə tənhalaşan, cəmiyyətdən qaçan adamlar haqqında belə bir diaqnoz qoyurdular ki, "onun içinə cin girib”. Nitsşenin də içinə Vaqner adlı bir çin girmişdi və ən dəhşətlisi bu idi ki, o cinin arxasında Nitsşenin nifrət etdiyi və nitsşeliyə nifrət edən böyük bir mədəniyyət dayanmışdı. Nitsşenin ətrafına neqativ püskürməkdən başqa yolu yox idi. Əslində, Nitsşenin Turində qucaqlayıb ağladığı at onun özü idi. Nəhəng bir mədəniyyət də Nitsşeni eyni amansızlıqla qamçılayırdı, həm də heç dayanmadan…
Frans Kafkada xroniki neqativin mənbəyi bir az fərqlidir. Kafkanın bioqrafiyasına aid kitabın müəllifi Ernest Fişerə görə, Kafkanın pessimizminin səbədi yəhudi ailənin, alman dilinin və çek xalqının arasında tək qalması idi, bu üçü birində təklik onu ətrafından qoparmışdı. Oxuduğum qədəriylə, mənə görə, Kafkanı ən çox neqativ duyğulara sürükləyən nə alman dili, nə çex xalqı idi; o, öz ailəsinin dustağıydı. Biz bunu onun əksər əsərlərində açıq-aydın hiss edirik. İstər "Ölüm hökmü” əsərində, istər "Çevrilmə”də, istərsə də, "Atama məktub”da Kafkanın başının üstündə bir kabus var – ailə! Qadağalar, göstərişlər, gözləntilərlə zirehləndirilmiş sərt bir ailə! Mühafizəkar yəhudu ailəsində doğulmağını Kafka günah kimi görürdü və bunun metafizik bir səbəbdən qaynaqlandığını düşünürdü.
Bu səbəbdəndir ki, Kafkada insan təbiət etibarilə suçludur və mövcud olan hər şey – ailə, iş, dövlət, qanun, məhkəmə onu yalnız cəzalandırmaq üçündür, həm də suçunun nə olduğunu söyləmədən. Sanki, doğulmaq özü cəzalandırılmaq üçün yetərlidir. O, hər yerdə bir yaddır, gəlib düşdüyü həyatın ögeyidir. O, bir həyatsevər olması üçün özünə qarşı çıxmalıdır; özünə, öz varlığına gülməlidir. Onun həyatında gülməli olan şey yalnız özüdür, qalan hər şey – ailə, iş, dövlət, məhkəmə və s. – hamısı ciddi və vacibdir. Kafkanın gülüşü neqativə olan məyusluqdur. Özü-özünə gülən Kafka neqativə təslim olan insandır. Kafkada xroniki neqativliyə Nitsşedə olan üsyankarlıq yozdur. Nitsşeni ailəsi mədəniyyətin neqativindən qoruyurdu, Kafka da isə neqativin səbəbi öz ailəsidir. Yerdə qalan bütün neqativlər bu ailənin daha təkmilləşdirilmiş formalardır. Təsadüfi deyil ki, Kafkanın qəhrəmanlarını cəzalandıran mədəniyyət də onun evinə daxil olur, yaxud onu evinə dəvət edir, hətta "Məhkəmə” əsərində Yozef K.-nı həbs etməyə gələn iki içra məmuru əvvəlcə onun doğmaları kimi zarafatlaşa-zarafatlaşa oturub qandallayacaqları adamın səhər yeməyini yeyirlər. Bir növ, ailənin bir üzvü olurlar.
Kafka hər yerdə ailəsinin mühasirəsindədir.
Cəmiyyətdən qidalanan neqativə aid nümunəyə gəlməzdən əvvəl qeyd edək ki, psixologiyada iki növ cəmiyyət ayırd edilir: fərdçi və kollektivçi cəmiyyətlər. Kollektivçi cəmiyyətlərdə fərdlərin kollektivin ümumi ruhuna uyğunlaşmaları onların həyatlarını asanlaşdırır. Kollektivçi cəmiyyətin ruhu bu atalar sözündə çox aydın ifadə olunub: "yorğana bürün, elnən sürün”. Məsələn, biz kollektivçi cəmiyyətik, fərdlərə aramızda yer yoxdur. Fərdçi cəmiyyətlərdə fərdin başqalarından fərqli bir eqoya sahib olması şərtdir. Fərdçi cəmiyyətlərdə kollektiv axtarmaq ayıb sayılır. Hər kəs özünə məsuldur. Kollektivçi cəmiyyətdə bir problem varsa, tənqidin hədəfi kollektivi düzəltməkdir, fərdçi cəmiyyətdə isə hər kəs problemi özündə axtarmalıdır. Odur ki, məsələn, Kanada və yapon tələbələri arasında aparılan sosial araşdırmalar nəticəsində məlum oldu ki, yapon tələbələr özlərini daha bədbəxt hiss edirlər. Yaponiyada intiharların da sayının çox olması, cəmiyyətin fərdə görə deyil, fərdin cəmiyyətə görə cavabdehlik daşımasından qaynaqlanır.
Neqativin cəmiyyətdə xronikiləşməsinin ən tanış örnəklərinə Mopassanın hekayələrində rast gəlirik. Mopassanın hekayələri Napoleon Fransasının sosial həyatından danışır. Fərdin cəmiyyətə görə cavabdehlik daşıdığı bir dövrdür. Bu, o dövrdür ki, Napoleon həm Avropada, həm də bütün məlum dünyada İngiltərə ilə kəllə-kəlləyə gələrək Fransanı dünyanın güc mərkəzlərindən birinə çevirib. Amma Mopassanın hekayələri fahişəliklə uşaq saxlayan fransız qadınları, yetim-yesir fransız uşaqları ilə doludur. Yəni Fransa çiçəkləndikcə, fransızlar solur. Çünki Fransa artıq güclənib, sanki, daha onun fransızlara ehtiyacı yoxdur. Hər kəs bunu öz həyatında hiss edir. Cəmiyyət onu güclü edən fərdlərə xəyanət edib. Onları öz taleləri ilə baş-başa buraxıb.
Mopassan on beş il qoltuğunda dəftər Napoleon ordusunun arxasınca gəzərək ordunun dəftərxana işlərini görən şizofren bir zabit idi. Güc mərkəzinə çevrilməyin Fransaya döyüşlərdə itirilən kişilərin, onların evdə ərsiz qalan arvadlarının, atasız qalan uşaqlarının bahasına başa gəldiyini bilirdi. Mopassan bədəni ilə dövlətin qulluğunda olsa da, ruhu ilə xalqın yanında idi. Zabit Mopassan Napoleonun əmrində idi, yazıçı Mopassan Fransanın əmrindədir.
Mopassanın hekayələrini usta gözüylə oxuyanlar çox güman fərqinə varıblar ki, onun hekayələrindəki fahişələrin hərəsinin özünəməxsus kədərli bir əhvalatı olur. Hekayələr də, adətən, bu əhvalatın üzərində qurulur. Bu kədərli, neqativ əhvalatlar necə yaranır və nəyə xidmət edir?
Mopassanın hekayələri göstərir ki, hər kəsin eyni işlə məşğul olduğu, eyni taleni yaşadığı yerdə peşəkarlıq öz cazibəsini itirir, seçilmək üçün peşəkarın fərqli bir özəlliyi olmaldır. Fransanın güc mərkəzinə çevrildiyi bu dövrdə fahişəliklə uşaq böyüdən qadınların sayı o qədər artıb ki, artıq qadın gözəlliyi bu işdə ümumi olanı, fonu ifadə edir, onun heç bir özəlliyi qalmayıb. Seçilmək, müştəriləri cəlb etmək üçün fərqli, hətta gözəlliyin, pozitiv olanın ziddi olan bir şey tapmaq lazımdır. Kədərli, neqativ hekayə artıq pula getməyən, cazibəsini itirmiş, maraq oyatmayan gözəlliyin, pozitivin yerini bu zaman tutur.
Neqativ hekayələri ilə müştəriləri özünə bağlayan qadınlar bazarda yeni trend yaradırlar. Neqativ hekayəsi olanların daimi müştəriləri çoxalır. Beləliklə, neqativin, eybəcərin özəlliyi gözəlliyin kütləviliyini bazardan çıxarır. Maraqlısı budur ki, hər dəfə müştəriyə uydurduqları eyni neqativ hekayəni danışanlar bir müddətdən sonra özləri də öz hekayələrinə inanmağa başlayırlar, uydurduqları kədərli əhvalatı talelərinin ən əziz ağrılı-acılı mirası kimi qoruyurlar. Artıq onlar Mopassanın hekayələrinə gəlib çıxanda kişilərlə, sanki, başlarına gələn bu kədərli əhvalatı danışmaq üçün görüşürlər. Onlar artıq yatmağa deyil, bu kədərli əhvalatlarını danışmağa adam axtarırlar.
Neqativ xronikiləşir. Və bütün Fransaya yoluxur. Əhvalatın yaradıcı gücü onu kütləviləşdirir. Hər kəs belə bir əhvalatının olmasını istəyir və s.
Mopassanın bununla demək istədiyi budur: Neqativ o yerdə xronikiləşir ki, orada hər kəs eyni işi görür, üstəgəl, heç kim də sevdiyi işlə məşğul deyil. Amma bu eyniliyin mühasirəsindən çıxmaq da mümkünsüzdür. Mopassanın qadınları cəmiyyətin mühasirəsində yaşayırlar, həm də onlar möharibələrdən çıxmış bu cəmiyyətə artıq ana kimi deyil, fahişə kimi lazımdırlar. Onların analığı artıq uydurduqları kədərli əhvalatlarıdır ki, fahişəliklərinin çörəyi bu əhvalatlardan çıxır.
Biz bu yazıda neqativin xroniki hal almasının, sadəcə, üç səbəbinə toxunduq, amma onun, bəlkə də, hər xalqa, hər mədəniyyətə, hər fərdə görə daha fərqli səbəbləri var. Məsələn, ərəbin neqativ düşüncələri nə mədəniyyətdən, nə ailədən, nə də cəmiyyətdən qaynaqlanır, ərəbin dünyaya sitəm etməsi üçün dəvəsinin ölməsi kifayətdir…