
3 saylı Nəqliyyat Departamentinin qanunsuzluğundan cana doyan ailə özünü yandırmaq qərarına gəlib
“Mən Şirvan sakiniyəm. 13 nəfərlik ailənin yeganə ümid yeriyəm. Ailəmizdə məndən başqa işləyən yoxdur. Ancaq nəqliyyat naziri Ziya Məmmədovun ”qoçuları" bizə zülm edir. Şirvanın 3 saylı Nəqliyyat Departamentinin rəisi Elsevər, müavini Rəşad və 9 saylı marşrut xəttinə nəzarət edən Təbrik adlı şəxs bizi intihar həddinə çatdırıb".
Qaynar.info xəbər verir ki, bu sözləri Şirvan şəhərinin M.S.Ordubadi küçəsi, ev 20-də yaşayan sakini Baxşəliyev Taleh Valeh oğlu musavat.com-a göndərdiyi məktubda yazıb. Ölkə prezidenti İlham Əliyevdən 13 nəfərdən ibarət ailə üzvü adından kömək istəyən T.Baxşəliyev şikayət məktubunda qeyd edib ki, onu işindən məhrum ediblər: “2006-cı ildə Şirvanda 9 nömrəli marşrut xəttindən mikroavtobus aldım. Əhaliyə xidmət göstərən bu marşrut xəttini işlətmək üçün mikroavtobusa görə 6 min dollar ödədim.
Bu günə kimi də Şirvan şəhərində marşrutlara nəzarət edən həmin Təbrik adlı şəxsə hər ay 78 manat ödəmişəm. Ancaq şəhərin 3 saylı Nəqliyyat Departamentinə Elsevər adında yeni rəis təyin olunub. Bu yeni rəis Rəşad adlı müavini və həmin 9 saylı marşrut xəttinə nəzarət edən Təbriklə birləşib, marşrut xəttimizi əlimizdən alıb, 12 min manata satmaq istəyirlər. Bəhanə üçün də “səbəb” göstərdilər ki, may ayında müqavilə bağlamamışam. Bu bəhanə ilə marşrut xəttini sıradan çıxardılar".
Şikayətçi yazıb ki, departament rəisi ilə dəfələrlə görüşüb: “Elsevərə xahiş elədim xeyri olmadı. Ona izah etdim ki, həmin vaxt burada olmamışam, o üzdən müqaviləni bağlaya bilməmişəm.
İndi gəlmişəm və müqavilə bağlamağa da hazıram. Ancaq Elsevər dedi ki, olmaz, şəxsən nəqliyyat naziri Ziya Məmmədov məsələni bilir. Dedi nazir göstəriş verib ki, vətəndaşı cəzalandırın, xətdən çıxarın. Ona görə də 13 nəfərlik ailəmiz biçarə qalıb. Cənab prezidentimizdən xahhiş edirik ki, Nəqliyyat Nazirliyinin Şirvandakı “qoçu”larının bu əməlini durdursun. Onlar 13 nəfərlik ailəyə qarşı zülm edirlər, işsiz, çörəksiz qoyublar".
T.Baxşəliyev qeyd edib ki, intihar qərarına gəliblər: “13 nəfərlik ailəmiz körpə uşaqlarla birgə özümüzü yandırmaq qərarına gəlmişik. Çünki ailədə işləyib çörək qazanan heç kim yoxdur. Elsevər, Rəşad və Təbrik bizi intihar etməyə məcbur edirlər. Ziya Məmmədovun qudurğan işçiləri dövlətimizi adına ləkə gətirəcək hərəkətlərin qəti fərqində deyillər. Cənab prezident, ümidimiz yalnız Sizədir”.
Yazıda adı keçən tərəfləri də dinləyib, mövqeyini çap etməyə hazırıq.
Qaynar.info