Dünya 11:43 25.01.2023

Neytral İsveçrə Ukraynaya görə bəzi bəyannnamələrini dəyişdirməyə hazırlaşır

İsveçrə Milli Şurasının (parlamentin aşağı palatası) Təhlükəsizlik Siyasəti Komissiyası çərşənbə axşamı keçirilən iclasında İsveçrə silahlarının üçüncü ölkələrdən Ukraynaya təkrar ixracına icazə verilməsini nəzərdə tutan təqdimat və parlament təşəbbüsünü qəbul edib.

Bu barədə Qaynarinfo parlamentin saytında dərc olunmuş məlumata istinadən xəbər verir.

"İsveçrə Milli Şurasının Təhlükəsizlik Siyasəti Komissiyası (SiK-N) 14 lehinə, 11 əleyhinə səslə hərbi texnikanın təkrar ixracına dair təqdimatı və parlament təşəbbüsünü qəbul edib. Beynəlxalq hüquqda güc tətbiq etmə qadağasının pozulduğu hallarda, xüsusən də Rusiya-Ukrayna müharibəsi zamanı təkrar ixrac edilməməsinə dair bəyannamələr ləğv edilə bilər”, - məlumatda deyilir.

İsveçrə neytral ölkə olduğundan, onun qanunvericiliyi müharibə aparan ölkələrə silahların təkrar ixracını qadağan edir. Amma komissiyanın əksər üzvləri əmindirlər ki, qanunun dəyişdirilməsi İsveçrənin neytrallığını pozmayacaq, çünki İsveçrənin özü Ukraynaya birbaşa silah vermir. Qərar yalnız İsveçrədə əvvəllər hərbi material almış ölkələrdən asılıdır.

Komissiya Federal Şuranın (İsveçrə hökuməti - red.) İsveçrənin hərbi materiallarını əldə etmiş ölkənin təkrar ixrac olunmaması bəyannaməsinin ləğvini elan edə bilməsi üçün Hərbi Materiallar Qanununun (KMG) 18-ci maddəsinə dəyişiklik edilməsini tələb edir. Təşəbbüsdə izah edilir ki, o, beynəlxalq hüquq normalarına uyğun olaraq BMT Təhlükəsizlik Şurasının beynəlxalq hüquq çərçivəsində gücdən istifadəyə qadağanın pozulduğunu iddia etdiyi və ya BMT Baş Assambleyasının üçdə iki səs çoxluğu ilə gücdən istifadənin qadağan edilməsini müəyyən etdiyi vəziyyətə aiddir. 

Eyni zamanda, komissiya qeyd edir ki, hökumət təkrar ixrac qadağasının ləğvi İsveçrənin əsas xarici siyasət maraqlarına ziddirsə, qadağanı qüvvədə saxlaya bilməlidir.

Komissiya öz istəyinə nail olarsa, qanuna edilən dəyişikliklər mayın 1-dən qüvvəyə minəcək və ilkin olaraq 2025-ci ilin sonuna qədər qüvvədə qalacaq.

Komissiya üzvlərinin əksəriyyəti hesab edir ki, İsveçrə Avropanın təhlükəsizliyinə töhfə verməli və buna görə də Ukraynaya daha çox dəstək olmalıdır.

Daha sonra Kantonlar Şurasının komissiyası parlament təşəbbüsü ilə çıxış edəcək, bundan sonra baxılması üçün parlamentin hər iki palatasına təqdim olunacaq. 

Beləliklə, İsveçrə potensial olaraq Almaniya, Danimarka və İspaniyaya İsveçrə silahlarının Ukraynaya ötürülməsinə icazə verə bilər.
İndiyənədək Ukraynanın müharibə tərəfi olması səbəbindən Danimarkaya Kiyevə İsveçrənin "Piranha” piyada döyüş maşınları, Almaniyaya "Gepard” sursatları, İspaniyaya isə zenit-raket kompleksləri verməyə icazə verilməyib.

Nizami Bağırov