Ekonomiks 10:43 22.02.2024

Ötən il "A-Qroup Sığorta" kiçilib, əməliyyat gəlirləri 3,6 mln. manat azalıb

"A-Qroup Sığorta Şirkəti” ASC 2023-cü il üzrə maliyyə göstəricilərini açıqlayıb.

Valyuta.az sığorta şirkətinin hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə "A-Qroup"un əsas əməliyyat gəlirləri illik müqayisədə 3.6 mln. manat və ya 14 faiz azalaraq 22,05 milyon manata enib. Buna səbəb sığorta şirkətinin birbaşa sığorta haqları üzrə yığımlarının 2022-ci ildə 24.63 mln. manat olduğu halda, 2023-cü ildə 21.12 mln. manata enməsidir. Bununla belə, 2022-ci ildə 4.03 mln. manat xalis sığorta ehtiyatlarında dəyişmə etdiyi halda, 2023-cü ildə bu növ xərcləri olmayıb və şirkət 25.28 mln. manat cəmi gəlir əldə edə bilib.

"A-Qroup"un cəmi xərcləri isə illik müqayisədə 11,4% artaraq 24.41 mln. manata çatıb. 2022-ci ildə sığorta şirkəti 57 min manat xalis mənfəət əldə etdiyi halda ötən il bu rəqəm 699 min manata yüksəlib.

Bununla belə, ötən il sığorta şirkəti bir qədər kiçilib. Belə ki, 1 yanvar 2024-cü il tarixinə sığorta şirkətinin cəmi aktivləri 7,2% azalaraq 27,1 mln. manata, cəmi öhdəlikləri isə 15,2% azalıb. Hesabat dövründə "A-Qroup"un cəmi kapitalı isə 6,1% artaraq 12,1 milyon manata bərabər olub.

Xatırladaq ki, "A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 mln. manatdır. Sığorta şirkətinin 100% səhmdarı Sabir Adna oğlu Adnayevdir (Direktorlar Şurasının sədri).