Dünya 13:46 29.01.2023

Şolts Putinlə birbaşa danışıqları davam etdirmək qərarına gəlib

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlar yolu ilə Ukraynadakı müharibəyə son qoymağa çalışacaq.

Qaynarinfo "Welt" nəşrinə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri özü açıqlama verib.

"Mən Putinlə yenidən telefonla danışacam, çünki bir-birimizlə danışmalıyıq. Məhz Putin Ukraynadan qoşunları çıxarmalı və onsuz da yüz minlərlə insanın həyatına son qoyan bu dəhşətli, mənasız müharibəni dayandırmalıdır", deyə kansler bildirib.

Şolts deyib ki, Rusiya Ukraynaya qarşı təcavüzü dayandırmayana qədər bu vəziyyət dəyişməyəcək.

Kansler bildirib ki, Putinlə əvvəllər telefon danışıqları "yüksək tonda xoşagəlməz olmayıb", lakin o, "qonşu ölkənin ərazilərini güc yolu ilə ilhaq etmək" istədiyini dəfələrlə açıqlayıb və Şolts bunu "qəbuledilməz" adlandırıb.

"Biz vaxtaşırı əsirlərin mübadiləsi, Ukraynadan taxıl ixracı və Zaporojye AES-i məsələlərini müzakirə edirdik. Lakin danışıqların aktual mərhələyə qayıtması vacibdir: Dünya dəhşətli vəziyyətdən necə çıxa bilər? Bunun üçün ilkin şərt göz qabağındadır: Rus qoşunlarının Ukraynadan çıxarılması”, deyə Şolts qeyd edib.

Aydın