Xəbər lenti

Ölkə 22:05 04.04.2023

Ombudsman Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld və səfirliyin nümayəndələri ilə görüşüb.

Bu barədə Qaynarinfo-ya Ombudsman Aparatından bildirilib.

Görüş zamanı Ombudsman qonaqlara mandatı və əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib. Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlardan danışan S.Əliyeva Ombudsman təsisatının yaradılmasının bu istiqamətdə atılan ən mühüm addımlardan biri olduğunu vurğulayıb. Ölkəmizdə heç bir ayrı-seçkiliyə məruz qalmadan hər kəsin Ombudsmana müraciət etmək hüququnun olduğu, hər bir müraciətə isə diqqətlə yanaşıldığı qonaqların diqqətinə çatdırılıb. Qeyd edilib ki, müraciətlərin qəbulu prosesində çevikliyin təmini məqsədilə təsisatda 24/7 rejimində fəaliyyət göstərən Çağrı Mərkəzi yaradılıb. Ombudsman, həmçinin məhkumların və onların ailə üzvlərinin əfv haqqında müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciətlər etdiyini bildirib.

Görüş zamanı S.Əliyeva BMT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlarla olan əməkdaşlığı barədə məlumat verib, insan hüquqlarının səmərəli müdafiəsi ilə bağlı birgə həyata keçirilən layihələrdən danışıb. Ombudsman tərəfindən BMT-nin müqavilə qurumlarına paralel hesabatların təqdim olunması və universal dövrü icmal prosesi çərçivəsində həyata keçirilən fəaliyyət barədə qonağa məlumat verilib.

Görüşdə bir sıra digər məsələlər ətrafında müzakirə aparılıb.

Yekunda qonaqlara Ombudsman təsisatının 20 illiyinə həsr olunmuş poçt markası və təsisat tərəfindən hazırlanmış maarifləndirici nəşrlər hədiyyə edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?