Siyasət 18:30 23.05.2023

“Paşinyan yenə sülhdən danışır, lakin...” - Politoloq

"İrəvan görüntü yaradır ki, guya, Paşinyan sülhün olmasını istəyir, amma xalq ona icazə vermir. Bu, ermənilərin hər zaman oynadığı oyundur. Belə oyunları çox  görmüşük”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanın ən yüksək səviyyədə sülhə hazır olduğunu bəyan etməsi və ardınca Ermənistan baş naziri Nikol Paşinyanın da sülhə hazır olduğunu, Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirməsinə rəğmən hələ də sülh sazişinin imzalanmaması səbəbindən danışarkən deyib:

"Bəyanatlar vacibdir və onların da əhəmiyyəti var. Söhbət Ermənistan baş nazirinin bəyanatından gedir. Amma eyni zamanda, İrəvan ölkəmizin ərazi bütövlüyü ilə yanaşı suverenliyimizi də tanımalıdır. Suverenliyin tanınması isə praktiki işdən ibarətdir. Bu istiqamətdə də işlər görülməlidir. Ermənistan dövlət səviyyəsində Azərbaycanın suveren işlərinə qarışmağa son qoymalıdır. Ermənistan büdcəsində hər il xüsusi bəndlər nəzərdə tutulur və ona əsasən də separatçılar maliyyələşir. Hələ də Ermənistan hərbçiləri Qarabağdadır. Azərbaycan tələb edir ki, İrəvan bəyanatlar verməklə kifayətlənməsin, həm də suverenliyimizə hörmət etdiyini əməldə göstərsin”. 

T.Zülfüqarov qeyd edir ki, ortada praktik işlər olmadan verilən bu sayaq bəyanatlar elə bəyanat olaraq qalacaq:
 
"Ermənilər keçən əsrin 90-cı illərində Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirirdi. Amma ondan sonra ərazi bütövlüyümüzü tanıya-tanıya, torpaqlarımızı işğal etdilər, etnik təmizləmələrə getdilər. İndi də sadəcə olaraq bəyanat verirlər. Lakin ortada praktiki işlər yoxdur”. 

Həmsöhbətimizin fikrincə, Ermənistan baş naziri sülhdən qaçmaq üçün sadəcə olaraq, oyun oynayır:
 
"Paşinyan dəfələrlə səhər tezdən buna bənzər bəyanatlar verib, axşam isə ondan imtina edən çıxışlar edib. Bu da onu göstərir ki, Paşinyan hələ də oyun oynamaqda davam edir. Paşinyana Ermənistan müxalifəti və separatçılar tərəfindən təzyiqlər göstərilir. Amma bütün bunlar oyundur. Ermənilər bununla görüntü yaradırlar ki, guya Paşinyan sülhün olmasını istəyir, amma xalq ona icazə vermir. Bu, ermənilərin hər zaman oynadığı oyundur”. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Litvada səfərdə olarkən sülhə hazır olduqlarını bir daha bəyan edib. O, sülh anlaşmasının imzalanmasının qaçılmaz olduğunu deyib. Eyni zamanda, Ermənistan baş naziri Paşinyan da İrəvanın Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib. 

Rüfət Sultan