Dünya 17:45 23.05.2022

Polşa Rusiya qazından imtina etdi, daha 54 Avropa şirkəti eyni addımı ata bilər - Ekspert

"Yaxın və orta vadidə Rusiya qazından yararlanan 54 Avropa şirkətindən yarısı Polşa kimi ondan imtina edəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban Polşanın Rusiya qazından imtina qərarı verməsinə münasibət bildirərkən deyib. 

Ekspertin sözlərinə görə, Rusiya qazından imtina Polşa üçün heç bir halda fəlakətli deyil:
 
"Polşa Rusiyadan cəmi 10 milyard kubmetr qaz alırdı. Yəni Varşava Rusiyadan alınan qazın miqdarına görə, heç də böyük qaz idxalçısı olmayıb. Polşa Rusiyadan imtina etdiyi qazın əvəzini digər mənbələrdən qarşılamaq gücündədir. Polşanın Elencik terminalı var. Bu ilin oktyabrına qədər Norveçdən Polşaya sualtı qaz kəməri tikiləcək. Polşanın həmçinin Almaniyada interkonnektoru var. Rusiya qazını həmin kəmərlər vasitəsilə kompensasiya edə bilər. Bütün bunlar onu göstərir ki, Rusiya qazından imtina fonunda belə onu əvəzləmək üçün Polşanın imkanları kifayət qədərdir. Bu ölkə özünün yeraltı qaz anbarlarını da 90 faiz civarında doldura bilib. Bu baxımdan Rusiya qazından imtinanın Polşaya heç bir isti-soyuğu olmayacaq. Novakın sözlərinə inansaq, Avropada 54 şirkət "Qazprom”dan qaz alır. Onların da təxminən yarısı rublla hesab açıb. Deməli, yerdə qalan yarısı da yaxın və orta vadidə Polşanın addımını təkrarlaya bilər”.

Rüfət Sultan