Bu həftənin hərbi-siyasi mənzərəsinə baxış keçirərkən nədənsə diqqətimi ən çox cəlb edən məsələ Azərbaycanda hərbi xidmətə çağırış sistemində yeni texnologiyanın tətbiq olunacağı ilə bağlı bir xəbər oldu. İlk baxışda hər birimiz üçün maraqlıdır, görəsən, bu nə yeni texnologiyadır ki, müdafiə və təhlükəsizlik sektorunda tətbiq olunacaq? Amma məsələnin dərinliyinə bir qədər varanda, bu ideyanın müəllifləri haqqında o qədər də müsbət olmayan fikirlər formalaşır. Şəxsən bu sətirlərin müəllifi kimi 25 ilə yaxın müddətdə hərbi xidmət keçmiş bir insan kimi mən düşünürəm ki, belə bir təkliflə çıxış edənlərin ya hərbidən xəbərləri yoxdur, ya da ki onlar ən vacib qanunlarımızdan biri olan "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının qanunundan bixəbərdilər. Əgər bu günə kimi həmin vəzifəli şəxslər bu qanun barəsində zəif məlumatlıdırlarsa, qoy dövlət başçısının “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının 07 sentyabr 2004-cü il tarixli Qanununun tətbiq edilməsi barədə 05 noyabr 2004-cü il tarixli Fərmanını bir daha nəzərdən keçirsinlər.
Orada aydın və sadə dillə göstərilib ki, 5.1.5. qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında (seçdirmə mənimdir – Ü.C) əməliyyat şəraiti haqqında məlumatların açıqlanmasına icazə verilmir. Xatırladım ki, bu qəribə və müəmma dolu “yeniliyin” müəllifi kimi ötən il yaradılmış Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətin adı çəkilir. Özü də, günün günorta çağı mətbuata o qədər də isti münasibət sərgiləməyən, adi bir məlumatı az qala ən qatı sirr kimi gizlətməyə çalışan dövlət qurumu, birdən birə üzərində iş aparılan hansısa layihə haqqında məlumat yayır. Hələ üstəlik də əminliklə qeyd olunur ki, bu məsələ reallaşdıqdan sonra çağırışçılara düşdükləri hərbi hissələr barədə məlumatlar SMS vasitəsi ilə veriləcək.
SMS bildirişlər çağırışçının və ya onun valideyninin mobil telefonuna göndəriləcək. Müvafiq layihənin hətta hökumət tərəfindən dəstəkləndiyi də bildirilir. Bax burada, necə deyərlər, Kərəmi ağlamaq tutur. Ortaya çoxlu suallar çıxmağa başlayır. Onlardan biri də hökumət tərəfindən dəstəkləndiyi bildirilən bu layihəyənin, konkret olaraq Milli Təhlükəsizlik Nazirliyi və Hərbi-Əks Kəşfiyyat İdarəsi tərəfindən dəstəklənib-dəstəklənməməsidi. Fikirləşirsən ki, ola bilərmi ki, müharibə şəraitində olan güc strukturları bu cür əcaib bir təkliflə razılaşsınlar? Hətta fərz etsək ki, bu təklifə müsbət rəy verilib, onda bunun nə qədər təhlükələr yarada biləcəyini proqnozlaşdırmaq çətin deyil.
Niyəsinə baxaq. "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının qanununun Maddə 1. Əsas anlayışlar fəslində 1.0.1. bəndində dövlət sirri anlayışına, dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar kimi göstərilib. Maddə 5. Dövlət sirri təşkil edən məlumatların siyahısında 5.1. punktunda hərbi sahədə aşağıdakı məlumatlar dövlət sirrini təşkil edir kimi göstərilib. 5.1.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, başqa silahlı birləşmələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər qoşunların strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsinə dair məlumatlar ....
Bir qədər əvvəl də qeyd etdiyim kimi hərbi hissələrin dislokasiya yerləri və nömrələri və digər məsələlər məxfi saxlanılır. Necə ki biz mətbuat olaraq adətən hansısa hərbi hissə haqqında yazarkən bunu N saylı hərbi hissə kimi göstəririk. Allah göstərməsin, əgər hansısa jurnalist və ya mətbu orqan hərbi hissənin nömrəsini və yerləşdiyi məkanı (şəhəri, rayonu və ya qəsəbəni) açıq göstərsə, aləm dəyir biri-birinə. Hərçənd ki, bu keçmiş sovetlər dönəmindən qalmış bir qaydadır və bu metoddan imtina etmək vacibdir. Onsuz da 21-ci əsrdə texnologiyalar o qədər mükəmməl inkişaf edib ki, indi evdə oturub internet üzərində az qala dünyanın istənilən nöqtəsində istədiyin yeri-məkanı, hətta keçəni belə tapmaq və vizual müşahidə etmək mümkündür.
İndi bir anlığa fərz edək ki, uzaq dağ kəndində və ya qəsəbəsində oturmuş gənc öz gələcək əsgəri xidmət yerini öyrənmək üçün yerli rayon və ya şəhər Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə SMS göndərir və ona oradan cavab verilir ki, “Filankəsov Filankəs Filankəs oğlu, sən iyul ayının 23-də şərti olaraq 678 saylı hərbi hissəyə getməlisən. Əvvala, bu mülki həyatda olan cavan oğlan və ya onun valideyni hardan bilsinlər ki, bu 678 saylı hərbi hissə harda yerləşir.
İkincisi də, əgər hərbi hissənin nömrəsi ilə yanaşı, yerləşdiyi rayon, şəhər də açıq göstərilirsə, bəs onda yuxarıda haqqında bəhs etdiyim hərbi sirr məsələsi nə olsun? Ən maraqlısı isə odur ki, hətta bunları SMS ilə öyrəndikdən sonra çağırışçı gənc əlində şəxsiyyətini təsdiq edən sənədlər (hərbi bilet və göndəriş vərəqəsi) olmadan necə hərbi hissə və ya birləşmə tərəfindən qəbul edilə və əsgər kimi sıraya qoyula bilər? Bu hələ ortaya çıxan onlarla suallardan biridir. Deməli, həmin o qeydiyyat sənədləri çağırışçının qeydiyyatda olduğu rayon və ya şəhər Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsindən alınmalıdır. Bəs onda bu pul verib SMS ilə xidmət yerini öyrənmək qonşularımız iranlılar demişkən, nəmənə?
Burda artıq bu “yeniliyin” hansı məqsəd və ya məqsədlər üçün edildiyi bəlli olur. Vətəndaşdan pul qopartmaq və əvəzində ona heç nə verməmək. Buna bənzər metodu sırf təhsil məsələləri ilə bağlı TQDK kimi qurum həyata keçirəndə, bu hardasa, başa düşülür. Çünki bu mülki işdir və burda heç bir dövləti və ya hərbi sirr yoxdur. Amma bu yola keçmiş hərbi komissarlığın sələfi kimi yeni yaradılan bir hərbi təşkilat əl atanda, adamı heyrət və təəccüb bürüyür. Məgər burda rəhbər şəxslərin içərisində bir nəfər savadlı şəxs tapılmadı ki, bu “yeniliyin” necə uğursuz, zərərli olması haqqında rəy bildirsin? Axı bu sırf hərbi bir qurumdur və onların ən böyük vəzifələrindən biri və bəlkə də, birincisi dövlət və hərbi sirrləri qorumaqdır.
Yarandığı bir ildən bir az çox müddətdə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətini ona bəslənilən ümidləri doğrultmadı. Bu prosess bu gün də davam edir. Adda-budda bu qurumun hansısa “ideya və təkliflərinin” olması haqqında xəbərlər eşidirik. Amma görəndə ki, bu SMS variantı kimi gülünc, heç bir məntiqi olmayan, sadəcə vətəndaşının cibinə girib ondan pul qoparmağ kimi “ideya”lar irəli sürülür, onda susmağın heç yeri deyil.
Ona görə də mən bizim rəhbər şəxslərin bəzi hərəkətlərini anlaya bilmirəm. Ən azından çətinlik çəkirəm. Yaradılmış qurumun adından da göründüyü kimi, bu hərbi qurum çox mühüm sahələrdən biri olan səfərbərlik kimi işlərlə məşğul olmalıdır. Ancaq bu günə kimi bir dəfə də olsun bu sahədə praktiki işlər həyata keçirilməyib. Kim zəmanət verə bilər ki, sabah cəbhədə aktiv döyüş əməliyyatları başlamayacaq? Bəs onda, ehtiyatdan çağırılmalı olan hərbçilər hansı müddətdə, hansı nəqliyyat vasitələri ilə və ən əsası neçə saata təyin olunduqları yerə çatacaqlar? Fikir verin, mən hələ bir məqamı qeyd etdim. Axı sabah başlaya biləcək geniş miqyaslı döyüşlər zamanı, on minlərlə ehtiyat qüvvəyə ehtiyac olacaq. Bəs bunların elementar hazırlıqları necə olsun? 15-20 il əvvəl ordu sıralarında əlində silah tutan bir şəxs heç olmasa arada yenidən əlinə silah almalıdır ki, nə vaxtsa qazandığı vərdişləri və bilikləri lazım olan səviyyədə saxlaya bilsin. Yaxud keçmiş tankçı, artilleriyaçı... Sabah onlar heç bir praktiki vərdiş olmadan yenidən döyüşlərə atılsalar, onların adicə səhvləri belə çoxsaylı insanların tələf olmasıyla nəticələnəcək.
Bir sözlə, mən bu qısa qeydlərimdə yalnız bəzi məqamlara diqqət yetirməyə çalışdım. Amma mənim demədiklərim vacib məsələlər var ki, onları burda yazıb düşmənə bəzi bilgilər vermək istəmədim. Sabah yağı düşmən həmin boşluqlardan məharətlə istifadə edərək, bizə qurşağdan aşağı zərbə vura bilər. Bunların isə olmaması üşün Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti qısa bir müddətdə həlli vacib olan işlərin görülməsinə başlamalı, Azərbaycan kimi həssas bir nöqtədə yerləşən gənc dövlətin təhlükəsizlik məsələlərini lazımınca həll etməlidir. Hələliksə, görünən odur ki, bu qurum keçmiş hərbi komissarlıq sistemində olan neqativ halları bir qədər müasirlik, yenilik adı ilə davam etdirmək istəyir. Sadə dillə desək, pul qazanmaq və dövlət və xalq adına heç bir faydalı iş görməməklə fəaliyyətlərini beləcə sakit şəraitdə davam etdirməklə general Arzu Rəhimovun özü və rəhbəri olduğu qurum çox da uzağa gedə bilməyəcək. Vaxt gözləmir, formal işlərdən praktiki, ağıllı addımlara keçməyin zamanıdır.