Şənbə günü Bağdadın hərəkətli küçələrinin birində böyük ekran qəfildən reklam əvəzinə porno film göstərməyə başlayıb. Bundan sonra hakimiyyət paytaxtdakı bütün elektron reklam lövhələrini müvəqqəti olaraq söndürüb.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC
yazır.
Müsəlman İraqının paytaxtı üçün belə qeyri-adi hadisənin video və fotoları sosial şəbəkələrdə sürətlə yayılıb. Polis şübhəli şəxsi həbs edib və onun Bağdadda elektron reklam lövhələri ilə məşğul olan firmada texniki işçi olduğunu açıqlayıb. Polisin bildirdiyinə görə, onun firma ilə maliyyə mübahisəsi olub və qisas almaq üçün reklam əvəzinə ekranda porno göstərib.
AFP agentliyinin İraq hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən verdiyi məlumata görə, polis əməkdaşları kabeli kəsənə qədər ekrandakı pornofilm bir neçə dəqiqə yayımlanıb.
Bazar günü Bağdad hakimiyyəti bütün elektron reklam lövhələrini söndürmək qərarına gəlib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, ekspertlər belə hadisələrdən necə sığortalanacağını anlayana qədər onlar sönülü qalacaq.
Nizami Bağırov
Şərhlər