ABŞ vətəndaşı Kalob Bayers Moskvanın Vnukovo hava limanında baqajında kannabis tərkibli marmelad aşkar edildiyinə görə saxlanıldıqdan sonra istintaq təcridxanasından buraxılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə onun valideynləri Tonya və Cimmi Şuler "Facebook" səhifələrində məlumat yayıblar.
Onların sözlərinə görə, Bayers hazırda ABŞ-ın Moskvadakı səfirliyindədir və vətənə qayıtmaq üçün reysini gözləyir.
"Zəhmət olmasa, onun heç bir sağlamlıq problemi olmadan uça bilməsi üçün dua edin. O, hazırda epilepsiyasını nəzarətdə saxlamağa kömək edən dərmanını yenidən qəbul edir, lakin səkkiz gün ərzində dərman içə bilməyib”, – deyə Şulerlər yazıblar. Onlar əlavə ediblər ki, Bayers 15 yaşından ağır epilepsiya xəstəliyindən əziyyət çəkir və qıcolma əleyhinə dərmanlar qəbul edir. Son vaxtlar tutmalarının artdığına görə, uçuş zamanı "C vitamini, melatonin və KBD (kannabidiol) tərkibli çeynəmə konfetləri” qəbul edib, hansılar ki, onların tərkibində THC (tetrahidrokannabinol) əvəzedicisi olub”, – deyə amerikalının valideynləri bildiriblər.
28 yaşlı Bayers 7 fevralda Vnukovo gömrüyündə saxlanılıb və ona qarşı narkotiklərin qaçaqmalçılığı ittihamı ilə cinayət işi açılıb (Rusiya Cinayət Məcəlləsinin 229.1-ci maddəsinin 2-ci hissəsinin "v” bəndi – beş ildən on ilədək həbs cəzası nəzərdə tutur). Moskvanın Solntsevo məhkəməsi 10 fevralda onu 30 gün müddətinə həbs edib. Onunla birlikdə Rusiya vətəndaşı Nayda Mambetova da saxlanılıb, o isə 8 fevralda həbs olunub. Cütlük bir-biri ilə qız ABŞ-da təhsil alarkən tanış olub, Rusiyaya isə nikah üçün sənədləri hazırlamaq məqsədilə gəlib. Mambetovanın azadlığa buraxılıb-buraxılmadığı barədə məlumat yoxdur. Rəsmi Rusiya hakimiyyət orqanları isə Bayersin azad edilməsi ilə bağlı heç bir açıqlama verməyib.
11 fevralda Rusiya daha bir ABŞ vətəndaşını – 2021-ci ildə Moskvanın Şeremetyevo hava limanında saxlanılan və narkotiklərin qaçaqmalçılığına görə ittiham edilən keçmiş səfirlik əməkdaşı Mark Fogeli həbsdən azad edib. O, onurğa əməliyyatından sonra tibbi göstərişlər əsasında marixuana qəbul etdiyini bildirmişdi. Saxlanılarkən Fogel Moskvadakı Anglo-Amerikan məktəbində müəllim kimi çalışırdı. 2022-ci ildə o, ciddi rejimli cəzaçəkmə müəssisəsində 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. Fogel ABŞ-ın keçmiş prezidenti Donald Trampın müşaviri Stiv Vitkoffa təhvil verilib, o, bu məqsədlə Moskvaya uçmuşdu. Bundan sonra Tramp Rusiya prezidenti Vladimir Putinlə ilk rəsmi telefon danışığını aparıb və Ukraynadakı müharibənin dayandırılması ilə bağlı danışıqlara başlamaq barədə razılığa gəlib.
Alpər
Şərhlər