Peşəkar şəkildə siyasət və dövlət idarəçiliyi ilə məşğul olmayan rusiyalılar hakimiyyətə vəzifələrini necə yerinə yetirməyi izah etməməlidirlər.
Qaynarinfo xəbər verir ki, bunu Rusiya Federasiyası prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
"Bu, həyatını həsr etməyi tələb edən peşəkar bir işdir və heç olmasa, prosesin mahiyyətini dərindən bilmək lazımdır ki, məsləhət vermək hüququ olsun", – Medinski RBC-yə müsahibəsində
deyib.
O, Rusiyada müharibə başlayandan sonra, o cümlədən mədəniyyət xadimləri arasında hökumətə və prezidentə ölkənin necə idarə olunmalı olduğunu öyrətməyə çalışanların çoxaldığından şikayətlənib. "Gülməlidir", – Medinski əlavə edib.
Onun sözlərinə görə, əgər o, məsələn, bir nəşrin redaksiyasına işin necə aparılması ilə bağlı tövsiyələr versə, bu, "yalnız qıcıq doğuracaq". "Mən belə hesab edirəm ki, insanlar yalnız bildikləri, bacardıqları, öyrəndikləri və yaxşı anladıqları işlə məşğul olmalıdırlar", – Putinin köməkçisi vurğulayıb. O, həmçinin Rusiyada Qərbdə olduğu kimi tam söz azadlığının olmadığını, yalnız "nisbi" olduğunu xatırladıb. Medinski bunu Ukrayna ilə müharibə ilə izah edib, lakin qeyd edib ki, "bizdə xarici senzuralardan daha çox daxili senzuralar var".
Hələ 2023-cü ildə Rusiya Ali Məhkəməsi vəzifəli şəxslərin tənqidini hakimiyyətin təhqiri (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 319-cu maddəsi) kimi təsnif edib. Məhkəmənin izahına əsasən, bu, kütləvi tədbirlər də daxil olmaqla ictimai yerlərdə edilən bəyanatlara, eləcə də KİV və internetdə yazılan şərhlərə şamil edilir. Qayda elektron mesajların göndərilməsini də əhatə edir. Cəza olaraq 40 min rubla qədər cərimə, 360 saata qədər məcburi ictimai işlər və ya bir il müddətinə islah işləri nəzərdə tutulur.
Keçən ilin sentyabrında Dövlət Dumasında bu maddə üzrə cəzanın sərtləşdirilməsini, hətta iki ilədək azadlıqdan məhrum etməni nəzərdə tutan qanun layihəsi hazırlanıb. Həmçinin, təşəbbüs çərçivəsində cərimənin 80 min rubla qədər artırılması, məcburi ictimai işlərin maksimum müddətinin 460 saata, islah işlərinin müddətinin isə iki ilə qədər uzadılması təklif edilib.
Kreml qanun layihəsini şərh edərkən, hakimiyyətin konstruktiv tənqidə ehtiyacı olduğunu, lakin onu təhqirdən fərqləndirmək lazım gəldiyini bildirib. "Hakimiyyət tənqiddən azad olmamalıdır və ola da bilməz. Əsas odur ki, bu, xalq tərəfindən edilən tənqid olsun. Çünki hakimiyyət nümayəndələri məhz bu insanların rifahı üçün çalışır və onlara xidmət edirlər", – Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Alpər
Şərhlər