"Bu, müəyyən məfkurə yetkinliyi tələb edən məsələdir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının "Qafqaz Evi" ideyasının reallaşmasına təsirini şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, bu ideya gözəl olsa da, reallaşması hələ uzun zaman tələb edən məsələdir:
"Bunun üçün Cənubi Qafqazın bütün ölkələri bu xeyri anlamalıdırlar. Hələlik isə onlar bu gerçəklikdən qat-qat uzaqdırlar. Həmin xeyri anlamayana qədər, köhnə ədavət hissləri ilə yaşayana qədər bu ideya baş tutmayacaq. Bu proses uzun çəkəcək. Məsələn, Avropa İttifaqının vacibliyini anlayana qədər iki cahan müharibəsi baş verdi. Nəticədə dünyanın başına çoxsaylı bəlalar gətirdilər. Amma xarab vəziyyətə düşəndən sonra, avropalılar müharibənin lazımsız olduğun anlayaraq, barışığa getdilər. Hətta II Dünya müharibəsindən sonra "kömür və polad İttifaqı” məhv olunca 10 il keçdi. Sonrakı 10 ildə Avropa ölkələri daha yüksək səviyyədə iqtisadi ittifaqa getməyin vacib olduğunu anladılar. Sonrakı 10 illikdə isə sərhədlərin götürülməsi və vahid valyutaya getməyin vacibliyini başa düşdülər. İndinin özündə Böyük Britaniya Aİ-dən çıxıb".
Politoloq hesab edir ki, Cənubi Qafqaz ölkələri bu mənada "Qafqaz Evi” ideyasının reallaşmasına hələlik hazır deyillər, Ermənistan son çabalarına rəğmən hələ də Rusiyanın müttəfiqidir:
"Gürcüstan Avropa İttifaqına can atır. Azərbaycan isə nefti-qazı hesabına hələlik müstəqil siyasət yürüdəcəyini bəyan edir".
Qeyd edək ki, zaman-zaman bölgəmizlə bağlı "Qafqaz Evi” ideyası gündəmə gəlir. Ermənistanın torpaqlarımızı işğal etdiyi dövrdə bu ideyanın baş tutması ümumiyyətlə qeyri-real idi. Amma artıq Azərbaycan öz torpaqlarını azad edib. Belə bir vəziyyətdə "Qafqaz Evi” ideyası yenidən aktuallıq kəsb etməyə başlayır.
Rüfət Sultan
Şərhlər