Azərbaycanın işğal altındakı ərazilərinə gedən və mayın 3-də “DQR”-də keçirilmiş “parlament seçkiləri”ndə “müşahidəçi” kimi iştirak edən estoniyalı deputat Vladimir Velmanın bu səfəri rəsmi Bakı ilə Tallinn arasında az qala diplomatik qalmaqal doğuracaqdı.
Bunun qarşısını yalnız Estoniya Xarici İşlər Nazirliyinin çevik reaksiyası aldı. Estoniya XİN-in V.Velmanın Dağlıq Qarabağa səfərini pisləyən bəyanatı hadisələrin arzuolunmaz məcraya yönəlməsinin qarşısını aldı.
Estoniya parlamentinin üzvü Tallinnə qayıdandan sonra virtualaz.org saytının müxbirinin suallarını cavablandırıb.
- Cənab Velman, sizi Dağlıq Qarabağa nə aparıb çıxarmışdı? Axı siz həm də Estoniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvüsünüz. Ona görə də sizin işğal altındakı Azərbaycan torpaqlarına səfərinizin rəsmi Bakıda hansı reaksiyaya səbəb olacağını bilməyə bilməzdiniz...
- Mən Dağlıq Qarabağa beynəlxalq Seçki Sistemləri Mərkəzinin (bu mərkəzi Bakıda yaxşı tanıyırlar, ona ermənilərdən pul alan Aleksandr Tsinker rəhbərlik edir-virtualaz.org) ekspert qrupunun tərkibində getmişdim. Biz seçki keçirilən bütün ölkələrə gedirik. Biz sadəcə olaraq digər ölkələrin seçki mexanizminin özünü müşahidə edib öyrənirik, amma seçkiyə heç bir halda siyasi qiymət vermirik. Səbəb yalnız bu idi. Bizim marağımız yalnız bundan ibarət idi.
- Azərbaycanın işğal altındakı əraziləri haçandan “ölkə” olub?
- Orada başqa ölkələrdən də xeyli müşahidəçi var idi. Həmin ərazilərdə gedən proseslərə göz yuma bilmərik. Eyni zamanda ATƏT-in Minsk Qrupunun işinə də qarışa bilmərik. Bizim işimiz mexanizmləri izləməkdir.
- Amma qarışdınız...
- Başa düşürəm ki, Qarabağ hər iki tərəfdən ötrü həssas məsələdir. Bizim üçünsə seçki prosedurunun özü vacib idi.
- Qarabağa qanunsuz səfərinizə Estoniya XİN-in mənfi münasibəti haqda nə deyə bilərsiniz?
- Demokratik cəmiyyətin ən ali dəyəri hər yerdə olmaq hüququna malik azad insan amilidir. Qarabağ ətrafındakı proseslərə heç bir formada siyasi qiymət vermək niyyətində deyiləm. Amma mən bir deputat olaraq harasa getmək üçün kimdənsə icazə istəməməliyəm.
- Qarabağ “harasa” deyil axı. Üstəlik də bu səfərinizin Bakıda necə reaksiya doğuracağını bilirdiniz. Bəs onda heç olmasa Azərbaycanın Estoniyadakı səfirliyini bu barədə niyə məlumatlandırmadınız?
- Təkrar edirəm, mən harasa gedəndə bu haqda heç kimə əvvəlcədən məlumat vermirəm. Nə Estoniya XİN-ə, nə də bizim parlamentdəki fraksiyamızın rəhbərliyinə. Yalnız onu deyirəm ki, bir müddət olmayacam. Artıq Tallinnə qayıtmışam. Kimlərə maraqlı idisə, onlar da harada olduğumu soruşdular. Kimə maraqlı deyildisə, soruşmadı. Bu əsas məsələni başa düşmək lazımdır ki, mən yalnız öz seçicilərim qarşısında hesabat verirəm.
- Bəs eston seçicisi sizə separatçılarla ünsiyyətə girmək səlahiyyəti veribmi?
- Mən öz hərəkətlərimdə kifayət qədər azad insanam və nə etdiyimi bilirəm, bunun məsuliyyətini də bilirəm.
- Qarabağdan qayıdandan sonra Estoniyadakı Azərbaycan diasporu sizinlə əlaqə saxlayıbmı?
- Yox, heç kim mənimlə əlaqə saxlamayıb. Lakin azərbaycanlılar da bilir ki, mən həmişə onların dostu olmuşam və dostu olaraq da qalacam. Bəli, Qarabağa getmişəm, lakin bu, o demək deyil ki, mən azərbaycanlılara pis münasibət bəsləyirəm.
- Sizi Azərbaycan XİN-in “qara siyahısı”na salıblar...
- Salıblarsa, daha nə etmək olar?! Məni əvvəllər də hansısa siyahılara salıblar. Hətta Estoniyanın özündə də. Madam Azərbaycanda belə təcrübə var, daha nə etmək olar?!
Qaynar.info