Xəbər lenti

Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc etdi (YENİLƏNİB/FOTO)
Foto 20:25 04.02.2025

Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc etdi (YENİLƏNİB/FOTO)

Aktau yaxınlığında qəzaya uğrayan Azal təyyarəsi yer səthi ilə toqquşana qədər xarici təsirə məruz qalıb.


APA xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin məlum təyyarə qəzası ilə bağlı ilkin hesabatında bildirilib


Hesabatda təyyarənin quyruq hissəsinin sol tərəfinin fotosuna verilən şərhdə təyyarənin yer səthi ilə toqquşana qədər hidravlika sistemlərinin hava gəmisinin xarici obyektlərin təsirinə məruz qaldığı ehtimal olunduğu bildirilib.


Qeyd edilib ki, məlum zədənin nəticəsi hidravlika mayesi və təzyiq itkisi olub.


Bundan əlavə, hesabatda təyyarənin stabilizatorundan çıxan yad metal obyektlərin bir hissəsi öz əksini tapıb.


"Təyyarənin gövdəsində çoxsaylı dəliklər və yad metal əşyalar aşkar edilib", - ilkin hesabatda bildirilib.


 19:57


Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau hava limanı yaxınlığında "Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin qəzaya uğramasının səbəblərinə dair ilkin hesabatı dərc edib.


"Report"un yerli bürosunun məlumatına görə, hesabat nazirliyin rəsmi saytında yerləşdirilib.


Hesabatda qəza sonrası əldə edilən məlumatlar, o cümlədən uçuş qeydiyyatçılarının ("qara qutuların”) təhlili əsasında ekspertlərin ilkin nəticələri yer alıb.


"İstintaq Komissiyası hava gəmisinin konstruksiya zədələrinin ətraflı müayinəsini davam etdirir. İlkin yoxlamalar zamanı füzelyajın arxa hissəsində, şaquli və üfüqi stabilizatorlarda, sükan və istiqamət sükanlarında müxtəlif ölçü və formalı çoxsaylı deşik və deşiksiz zədələr aşkar edilib. Oxşar zədələr hava gəmisinin sol mühərriki, sol qanadı, eləcə də digər aqreqat və komponentlərində də müəyyən olunub. Bəzi zədələrin düzgün düzbucaqlı formaya malik olduğu qeyd edilir.


Bundan əlavə, Komissiya Braziliya, Azərbaycan və Qazaxıstan hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə əlavə məhkəmə ekspertizası üçün zədələrdə qala biləcək kənar obyektlərin çıxarılması üzrə tədbirlər həyata keçirib. Nəticədə, deşiklərdən çox sayda kənar obyekt çıxarılıb", - hesabatda deyilir.


Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.


İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->