Amal Abuşov
İdman 16:19 21.07.2022

Qəlblərin üç yerə parçalandığı gün

Amal Abuşov

Azərbaycanın bir "Qarabağ"ı var. Bu "Qarabağ" illərdi ki, Avropanın yaşıl meydanlarında "at oynadır". "Çelsi", "Atletiko", "Roma", "Borussiya", "Tottenhem" kimi məşhur klublar "Qarabağ"la qarşılaşmaq üçün Bakıya səfər edib, "köhlən atlar" belə rəqiblərlə görüşlərdə Azərbaycan futbolunu layiqincə təmsil edib. Bu mövsüm də həmin missiya Qurban Qurbanovun və onun komandasının üzərindədi. Polşa çempionunu Bakıdan 5 qol vurub yola salmışıq. İsveçrə çempionu da paytaxtımızdan xalsız qayıdıb, onların işini öz meydanlarında bitirməliyik. 

Könül istərdi ki, "Qarabağ" bu mübarizədə tək olmasın. Onların açdığı bu cığırla "Neftçi", "Qəbələ" və "Zirə" addımlasın. Elə eyni şəstlə, eyni qətiyyətlə. Bu gün hər üç təmsilçimiz çətin sınaq qarşısındadı. Azarkeşlərin gözləri "Dalğa Arena"da "Zirə"nin oyununda olacaq. Qulaqlarımız isə Kiprdən və Macarıstandan gələcək xoş sorağı gözləyəcək. O xoş soraq cavab görüşləri üçün sərfəli hesabın əldə olunmasıdı. 

10 il bundan əvvəl "Neftçi" Nikosiyada bir tarix yazıb, avrokubokların qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olub. Özü də bu uğuru adlı-sanlı APOEL-i məğlub etməklə qazanıb. Deməli, "ağ-qaralar"ın Kipr adalarının cənubunda uğur qazanmaq təcrübəsi var. Heç "Qəbələ" də bu səviyyəli yarışlarda təcrübəsiz sayılmır. Macar "Fehervar"ı nə "Lill"dən təhlükəlidi, nə də "Maribor"dan. Mən hələ "Qəbələ"nin əlindən dad edən yunan klublarlnı demirəm. Düzdü, "Qəbələ" əvvəlki illərdəki kimi geniş heyətə, çeşidli legionerlərə sahib deyil. Amma Elmar Baxşıyevin məşqçilik məharəti, futbolçuların əzmkarlığı bu boşluğu doldura bilər. 

Ən çətin rəqib "Zirə"nin qismətinə düşüb. İsrail paytaxtını təmsil edən "Makkabi" Avropada özünə ad-san qazanıb, iddiaları ilə tanınır. Ümumi götürəndə isə İsrailin klub futbolunda bizi ciddi fərqlə üstələdiyini demək olmaz. Ortada futbolun əla bilicisi Rəşad Sadıqov faktoru var. Öz işini yaxşı bilən gənc məşqçi ötən mövsümkü mübariz heyəti qoruyub saxlayıb, komandasının potensialına yaxşı bələddi. Bu yaxınlarda İsrailə səfər edən Sadıqov rəqibini iş başında görüb, lazımı məlumatları da toplayıb. Ümid edirəm ki, həmin qeydlər bu axşam "Zirə"nin işinə yarayacaq. 

Çox az qalıb. Saatlar sonra həyacan başlayacaq. Azərbaycanlı azarkeşlərin ürəyi üç yerdə döyünəcək, duaları üç ünvana yollanacaq. Təki sonda sevinən biz olaq. Uğurlar, "Neftçi", "Zirə" və "Qəbələ"!