Dünya 12:07 24.11.2023

Qərb Zəngəzur dəhlizinə nəzarəti Türkiyəyə verir? (ŞƏRH)

"Bu kimi açıqlamalar Ermənistan cəmiyyətini qorxutmağa hesablanmış addımlardır".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev erməni politoloq Artur Xaçikyanın Qərbin Zəngəzur dəhlizinə nəzarəti Türkiyəyə vermək niyyəti barədə fikirlərini şərh edərkən deyib.

Arif Əliyev bildirib ki, ermənilər arasında nəticənin Ermənistanın əleyhinə olduğunu, ona görə də silahlanmaq, güclənmək lazım olduğunu düşünən bir təbəqə var:

"Onlar hər addımbaşı iddia edirlər ki, danışıqlar prosesi, kommunikasiyaların açılması Ermənistanın əleyhinədir".

Həmsöhbətimiz düşünür ki, erməni politoloqunun sözügedən açıqlaması Rusiyanın maraqlarına xidmət edir:



"Bu açıqlama Rusiyaya daha çox xal verməyə hesablanıb. Bununla politoloq Rusiyanın Zəngəzur dəhlizinə nəzarəti baş tutmayacağı təqdirdə, əraziyə Türkiyənin gələcəyi barədə fikir formalaşdırır ki, cəmiyyət Moskva variantı üzərinə köklənsin. Ermənistanda belə fikirlər çox səslənir. Buradan da görünür ki, açıqlama daha çox Rusiyanın maraqlarına hesablanıb. Yəni bununla bildirmək istəyirlər ki, Rusiya variantına razı olmasanız, daha pis variant gündəmə gələcək. Açıqlama son nəticədə məhz buna işləyən texnologiyadır".

Ekspert deyib ki, bu kimi açıqlamalar daim səslənəndə ictimai rəyə müəyyən dərəcədə təsir də göstərir:

"Belə texnologiyalar bir dəfə səslənəndə və ya bir variantda işləyəndə geniş rezonans doğura bilmir. Amma müxtəlif variantlarda səslənəndə təbii ki, onun təsirləri də olur. Məsələn, bir teziz olaraq ermənilər iddia edir ki, Azərbaycan guya Zəngəzuru işğal edəcək. İkinci variant dəhlizin Türkiyəyə  verilməsi məsələsidir. Bu kimi variantlar daim səslənəndə fon yaradaraq, ictimai rəyə təsir göstərir”. 

Qeyd edək ki, NEWS.am erməni saytına açıqlamasında politoloq Artur Xaçikyan Qərbin Rusiyanın nəzarətinə keçməməsi üçün Sünik (Zəngəzur) dəhlizinə nəzarət edilməsinin vacinliyindən danışdığını bildirib:

"Hazırda Türkiyə və Azərbaycan Süniki əldə etməyi ola bilsin tələb etməsin, amma gələcəkdə hər şey dəyişə bilər. Türkiyənin son 150 ildə strategiyası  ermənilərin regionda öz dövlətlərini yaratmalarına imkan verməməyə hesablanıb. Əvvəl iqtisadi, sonra da siyasi ekspansiya gələcək. Bir neçə ildən sonra Türkiyə təxribata əl ataraq, Ermənistana ordu da yeridə bilər. Rusiya və İran Sünikin Ermənsitanın  nəzarətində qalmasında maraqlıdır. ABŞ isə əksinə, Türkiyənin bu ərazilərə nəzarət etməsində”. 

Rüfət Sultan