Beynəlxalq Liberal Maarifçilik Mərkəzi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Qərbi Azərbaycan: tarixi-mənəvi irsin daşıyıcıları” adlı layihəyə start verib.
Layihənin məqsədi – Qərbi Azərbaycanın müxtəlif bölgələrindən çıxmış və Azərbaycan mədəniyyətinin formalaşmasında mühüm rol oynamış şəxsiyyətlərin həyat və yaradıcılığını geniş ictimaiyyətə tanıtmaq, onların elmi və mənəvi irsini gələcək nəsillərə ötürməkdir.
1 iyun 2025-ci il tarixindən etibarən 3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində Qərbi Azərbaycanın tanınmış elm, təhsil, mədəniyyət və incəsənət, həmçinin ictimai xadimlərinin həyatı və fəaliyyəti sistemli şəkildə araşdırılacaq, sənədləşdiriləcək və ictimaiyyətə təqdim olunacaq.
Qədim türk yurdu olan və bu gün Ermənistan adlandırılan ərazilərdən – İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz, Zəngibasar, Ağbaba və digər bölgələrdən qovulmuş azərbaycanlılar bu torpaqlarda əsrlərlə zəngin mədəni irs yaratmışlar. Bu ərazilərdən çıxan yüzlərlə elm və mədəniyyət xadimi ümumxalq mədəniyyətimizin inkişafında silinməz izlər qoymuşdur. Onların yaratdığı irsə qarşı təxribatlar və dağıntılara baxmayaraq, bu gün İrəvan və digər bölgələrdə həmin mədəniyyətin izləri mövcudluğunu qoruyub saxlayır.
Layihə, eyni zamanda, Qərbi azərbaycanlıların üzləşdiyi tarixi ədalətsizliklərin işıqlandırılması və onların problemlərinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır. Tarixi-mənəvi və elmi-mədəni irsin araşdırılması, soydaşlarımızın yaddaşında bu mirasın yaşadılması milli kimliyimizin qorunması baxımından strateji bir vəzifədir.
Layihənin icrası müddətində müvafiq dövlət qurumları və təşkilatlarla əməkdaşlıq ediləcəkdir.