Alimlər ilk dəfə ölkələrin qlobal fəlakətdən sonra yaşamaq və fəaliyyətini davam etdirmək imkanlarını hərtərəfli qiymətləndirib və ən dayanıqlı ölkə kimi Avstraliyanı müəyyən ediblər.
Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri “Global Challenges” jurnalında dərc olunub.
Tədqiqatçılar üç əsas təhlükə qrupunu nəzərdən keçiriblər: Günəş işığının kəskin azalması ssenariləri — məsələn, böyük vulkan püskürmələri və ya “nüvə qışı”, qlobal infrastrukturun itirilməsi — kiberhücumlar və pandemiyalar, həmçinin genişmiqyaslı bioloji risklər. Hər bir ölkənin belə şəraitdə əhalisini, istehsalını və idarəetmə sistemini nə dərəcədə qoruyub saxlaya biləcəyi qiymətləndirilib.
Avstraliya böyük ada kimi coğrafi təcrid olunması, əhəmiyyətli ərzaq istehsalı, yanacaq ehtiyatları, inkişaf etmiş sənayesi və sabit demokratik idarəetməsi sayəsində ilk yeri tutub. Müəlliflərin sözlərinə görə, bu amillərin birləşməsi ölkəni bir sıra risklərdən “əhəmiyyətli dərəcədə qoruyur”.
Dayanıqlı ölkələr, bir qayda olaraq, demokratik idarəetmə sisteminə, yüksək rifah səviyyəsinə, aşağı sosial bərabərsizliyə, güclü sənayeyə, coğrafi uzaqlığa və xarici ticarətdən daha az asılılığa malikdir.
Ən yaxşı qorunan ölkələr sırasına Yeni Zelandiya, Yaponiya, İsveçrə və Argentina da daxil olub. Bununla belə, bu ölkələrin hər birinin özünəməxsus zəif tərəfləri var.
Araşdırmaya görə, hətta Avstraliya da yanacaq, dərman və gübrə idxalından asılı olaraq qalır. Tədqiqatın rəhbəri, Hagen Universitetinin ekologiya üzrə mütəxəssisi Florian Yen bildirib ki, ən dayanıqlı dövlətlər fəlakətdən sonra dünyanın bərpası üçün “dayaq nöqtələrinə” çevrilə bilər. Məsələn, onlar ərzaq ehtiyatları və toxum bankları saxlaya bilərlər.
Müəlliflər vurğulayıblar ki, tədqiqatın məqsədi insanları qorxutmaq deyil, nadir baş verən, lakin dağıdıcı nəticələrə səbəb ola biləcək hadisələrə qarşı ölkələrin əvvəlcədən hazırlıq tədbirləri görməsinə kömək etməkdir.
Aydın
Şərhlər