ABŞ-ın Suriyanı 1979-cu ildən bəri daxil olduğu “Terrorizmə dəstək verən ölkələr” siyahısından çıxarması Dəməşqin beynəlxalq sistemə qayıdışında mühüm mərhələ hesab olunur.
Qaynarinfo xəbər verir ki, qərarla bankçılıq, xarici investisiya, kredit və yenidənqurma layihələri qarşısındakı mühüm hüquqi və maliyyə maneələrinin aradan qalxacağı, Suriyanın qlobal maliyyə resurslarına çıxışının asanlaşacağı gözlənilir.
ABŞ Maliyyə Nazirliyi bununla yanaşı, Heyət Təhrir əş-Şamın (HTŞ) “Xüsusi Təyin Olunmuş Qlobal Terrorçu Təşkilat” statusundan çıxarıldığını da açıqlayıb.
Dəməşq qərardan məmnundur
ABŞ-ın qərarı Suriya rəhbərliyi tərəfindən müsbət qarşılanıb. Suriya Prezidenti Əhməd əl-Şara “Bu gün Suriya qaranlıq bir ləkədən xilas olur, keçmişinin ağrılı səhifəsini cırıb atır və inkişaf, yenidənqurma və bərpa yoluna qədəm qoyur” deyib.
Xarici işlər naziri Əsəd Həsən Şeybani isə sözügedən addımın suriyalıların yaratdığı dönüşümün nəticəsi olduğunu vurğulayıb.
İlk təsir bankçılıq sektorunda olacaq
Qərarın Suriya iqtisadiyyatına ən sürətli təsirinin bankçılıq sektorunda özünü göstərməsi gözlənilir. Suriyanın beynəlxalq maliyyə sistemindən təcrid olunması təkcə xarici investisiyaların ölkəyə daxil olmasını deyil, şirkətlərin ticarətdən əldə etdikləri vəsaiti xaricə köçürməsini də çətinləşdirirdi.
“Terrorizmə dəstək verən ölkə” statusunun ləğvi ilə beynəlxalq bankların Suriya bankları ilə əməkdaşlıq etməsi qarşısındakı risklərin azalacağı gözlənilir. “Reuters”in məlumatına görə, “Mastercard” və “Bank of America” kimi iri maliyyə qurumlarının Suriya ilə işləməyə marağı artıq artıb. “Mastercard” Suriya Mərkəzi Bankı və Qətər mərkəzli “QNB” ilə ölkədə beynəlxalq kart ödənişləri infrastrukturunun yaradılması istiqamətində işə başlayıb.
İnvestisiyaların artacağı gözlənilir
İkinci mərhələdə xarici investorların Suriyaya münasibətinin dəyişəcəyi gözlənilir. Vaşinqtonun 2025-ci ildə yayımladığı investisiya bələdçilərində ABŞ şirkətlərinə Suriyada elektrik enerjisi, neft, təbii qaz, texnologiya, telekommunikasiya, daşınmaz əmlak və bankçılıq kimi sahələrdə imkanların olduğu mesajı verilmişdi.
Lakin həmin dövrdə Suriyanın hələ də “Terrorizmə dəstək verən ölkələr” siyahısında qalması mümkün hüquqi problemlər səbəbindən bu çağırışın təsirini məhdudlaşdırırdı.
Mütəxəssislərin fikrincə, yeni vəziyyət enerji, elektrik enerjisi, telekommunikasiya, tikinti, sement, mənzil, limanlar, logistika, bankçılıq və mədənçilik kimi sahələrdə investisiya qərarlarının sürətlənməsinə səbəb ola bilər.
Meyarlar da dəyişəcək
Bununla belə, bu addım Suriyaya avtomatik olaraq investisiya axınının başlayacağı anlamına gəlmir. Xarici investorlar üçün bundan sonrakı əsas məsələlər ölkədə təhlükəsizlik vəziyyəti, siyasi sabitlik, mülkiyyət hüquqlarının qorunması, müqavilələrin icra oluna bilməsi, bank sisteminin etibarlılığı və korrupsiyaya qarşı mübarizə olacaq.
Mütəxəssislərə görə, Dəməşq rəhbərliyi bu sahələrdə etimad yarada bilməsə, Vaşinqtonun atdığı addımın iqtisadi təsiri məhdud qala bilər.
Təzminat maneəsi də qalır
Suriyanın iqtisadi normallaşması qarşısında hələ də mühüm hüquqi problem var. “Lawfare”in təhlilinə görə, ABŞ məhkəmələri 2011-ci ildən bəri Suriya əleyhinə 31 milyard dollardan çox təzminat qərarı çıxarıb.
Gözləmədə olan 186 məhkəmə işi də nəzərə alındıqda, Suriyanın terror fəaliyyəti ilə bağlı üzləşə biləcəyi ümumi hüquqi yükün 100-150 milyard dollara çatacağı bildirilir. Bu problemin həlli üçün daha əvvəl Liviya və Sudanda olduğu kimi, barışıq fondlarının yaradılmasının mümkün olduğu qeyd edilir.
Ankaradan dəstək mesajı
Qərara Ankaradan da dəstək gəlib. Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-nin Suriyanı “Terrorizmə dəstək verən ölkələr” siyahısından çıxarmaq qərarını məmnuniyyətlə qarşıladığını açıqlayıb.
Nazirliyin açıqlamasında bu istiqamətdə iradə nümayiş etdirən ABŞ administrasiyasının və prosesə dəstək verən ABŞ Konqresinin konstruktiv yanaşmasının təqdir edildiyi bildirilib. Suriya hökuməti və xalqı da nümayiş etdirdikləri qətiyyətli mövqeyə görə təbrik olunub.
Türkiyənin Dəməşqdəki səfiri Nuh Yılmaz qərarın Suriyanın normallaşması, sabitliyi və inkişafı baxımından əhəmiyyətli olduğu kimi, regionun sabitliyi və sülhü baxımından da son dərəcə mühüm olduğunu bildirib.
Aydın
Şərhlər