XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Harri və Meqan Britaniyaya qayıdır: Məşhurluqları həm üstünlük, həm də risk yaradır
Dünya11:36 26.08.2026

Harri və Meqan Britaniyaya qayıdır: Məşhurluqları həm üstünlük, həm də risk yaradır

Böyük Britaniya kral ailəsinin keçmiş üzvü Şahzadə Harri və həyat yoldaşı Meqanın ölkəyə qayıtması onların media və biznes fəaliyyətinə yenidən böyük diqqət yaradıb.

Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, cütlüyün Britaniyaya qayıdışı ərəfəsində Meqanın rejissor Qay Riçinin "Netflix" üçün çəkdiyi kriminal dramda rol alacağı barədə xəbərlər yayılıb. Daha sonra isə mediada bu təklifin yaranan mənfi reaksiyaya görə geri götürüldüyü iddia edilib. Tərəflər məlumatı təsdiqləməyib və ya təkzib etməyib.

Brendinq mütəxəssislərinin fikrincə, bu hadisə Harri və Meqanın əsas üstünlüyünü və eyni zamanda problemini nümayiş etdirir. Onların adı istənilən layihəyə böyük media marağı gətirə bilir, lakin cütlük haqqında cəmiyyətdə kifayət qədər qütbləşmiş fikirlər mövcuddur.

41 yaşlı Harri və 45 yaşlı Meqan 2020-ci ildə kral ailəsindəki rəsmi vəzifələrindən imtina edərək ABŞ-a köçüblər. Onlar həmin dövrdə media təzyiqini qərarlarının əsas səbəblərindən biri kimi göstəriblər. Daha sonra cütlük "Oprah Winfrey" ilə müsahibə, "Netflix" sənədli serialı və Harrinin “Spare” adlı memuarı vasitəsilə kral ailəsi və Britaniya mediası ilə bağlı ciddi açıqlamalar verib.

Bu açıqlamalar Britaniyada onların populyarlığına mənfi təsir göstərib. "Reuters"in qeyd etdiyi kimi, "YouGov"un iyul sorğusunda respondentlərin 64 faizi monarxiyanın saxlanmasını dəstəkləyib.

Cütlüyün kommersiya layihələrində də müəyyən geriləmələr yaşanıb. Onların "Netflix" ilə təxminən 100 milyon dollarlıq müqaviləsi sonradan aşağı səviyyəyə endirilib, "Spotify" ilə 20 milyon dollarlıq əməkdaşlıq isə başa çatıb. Meqanın ABŞ-da yaratdığı “As Ever” həyat tərzi brendinin də gözlənilən uğuru əldə etməkdə çətinlik çəkdiyi bildirilir.

Bununla belə, mütəxəssislər Britaniyaya dönüşün Meqan üçün yeni başlanğıc imkanı yarada biləcəyini düşünürlər. Xüsusilə İngiltərə kənd həyatının onun həyat tərzi brendinə yeni imic qazandıra biləcəyi qeyd olunur.

Media və əyləncə eksperti Kerolain Frost hesab edir ki, Meqanın aktyorluğa qayıtması ictimaiyyətin ona münasibətini dəyişə bilər. Lakin onun dünya miqyasında tanınmış sima olması hər hansı obrazda tamamilə itib-batmasını da çətinləşdirə bilər.

Mütəxəssislərin fikrincə, Harri və Meqan xeyriyyə layihələrinə diqqət çəkmək və böyük auditoriya toplamaq baxımından ciddi imkanlara malikdirlər. Lakin Britaniyaya qayıtdıqdan sonra media və sosial şəbəkələrdəki yüksək diqqətlə necə davranacaqları onların gələcək imicində əsas rol oynayacaq.

Beləliklə, cütlüyün məşhurluğu bir tərəfdən böyük reklam və auditoriya üstünlüyü yaratsa da, digər tərəfdən onların hər addımının geniş müzakirə olunmasına səbəb olaraq şəxsi həyat və biznes baxımından ciddi risklər yaradır.

Aydın