Ölkə 09:48 01.04.2023

Qubanın Qrız kəndinə 15 sm qar yağıb (FOTO)

Şimal bölgəsində ötən gün qar və yağışla müşayiət olunan hava aprelin 1-ə keçən gecə daha da intensivləşib. El arasında "adam aldadan" gün kimi tanınan aprel ayının 1-də təbiət də bir növ insanları aldadıb, elə bil yenidən qış gəlib.

Bizim.Media-nın yeri bürosu xəbər verir ki, bölgənin Quba və Qusar rayonlarında havanın temperaturu 10 dərəcədən çox aşağı düşüb. 

Ən çox şaxta -7,5 dərəcə olmaqla, Qubanın Qrız kəndində qeydə alınıb. Xaltan, Altıağac, Qusar və Quba şəhərlərində və bütün dağlıq ərazilərdə də şaxtalı hava müşahidə edilib. 

Aprelin 1-i bölgədə soyuq hava şəraiti təkcə şaxta ilə deyil, çox qar yağması ilə də özünü göstərib. Quba ərazi hidrometeorologiya müəssisəsindən Bizim.Media-ya verilən məlumata görə, ən çox qar da 15 sm olmaqla, Qrız kəndinə düşüb. 

Qusarın Həzrə kəndində qarın hündürlüyü 12, Altıağacda 10, Xaltanda 10, Quba şəhərində 3 sm təşkil edib. Yerli sakinlərin sözlərinə görə, Xızı qəsəbəsinə də 6-7 sm qar yağıb.

Bölgədə qeyri-sabit hava şəraiti davam edir.