
Tayvanın paytaxtı Taybey ictimai nəqliyyatın keyfiyyətinə görə dünyanın ən yaxşı şəhəri seçilib. Bu nəticə yerli sakinlərin qiymətləndirməsinə əsaslanır.
Qaynarinfo xəbər verir ki, bu barədə “Time Out” nəşri yazıb.
Möhtəşəm qalereyaları, teatrları, restoranları və kafeləri olan şəhərdə yaşamaq böyük üstünlükdür. Lakin gündəlik həyatın keyfiyyətinə daha çox təsir göstərən amillərdən biri də infrastruktur, xüsusilə ictimai nəqliyyatdır.
“Time Out” hər il böyük şəhərlərin minlərlə sakini arasında sorğu keçirərək onların yaşayış şəraiti, o cümlədən yerli avtobuslar, tramvaylar və qatarlarla bağlı təəssüratlarını öyrənir. Bu dəfə 24 min respondent öz şəhərlərində ictimai nəqliyyatı beşballıq şkala üzrə qiymətləndirib. Bir bal “bərbad”, beş bal isə “əla” demək olub. Sorğunun nəticələri əsasında nəşr ictimai nəqliyyatın keyfiyyətinə görə dünyanın ən yaxşı 20 şəhərinin reytinqini hazırlayıb.
Taybey birinci yerdədir
Reytinqdə birinci yeri Taybey tutub. Şəhər sakinlərinin 95 faizi ictimai nəqliyyat şəbəkəsini “yaxşı” və ya “əla” qiymətləndirib. Taybey bu göstərici ilə Sinqapur, Honkonq və Edinburqu nəzərəçarpacaq fərqlə qabaqlayıb.
Taybeyin nəqliyyat sisteminin əsas üstünlüyü MRT (Mass Rapid Transit) metro şəbəkəsidir. Bu sistem dünyanın bir çox böyük şəhərindəki yeraltı nəqliyyat şəbəkələrindən fərqli olaraq, sərnişinlər üçün rahatlıq nümunəsi hesab olunur.
“Time Out”un müəllifi Roysin Tilinq yazır ki, stansiyaların qüsursuz təmizliyi, platformalarda növbələr üçün aydın şəkildə işarələnmiş xətlər və qatarların dəqiq qrafiklə hərəkət etməsi Taybey metrosunun yerli sakinlər tərəfindən demək olar ki, yekdilliklə bəyənilməsini təmin edib.
Metro sisteminin miqyası da diqqətəlayiqdir. 2025-ci ildə metro 767 milyondan çox sərnişin daşıyıb. Bu, gündə orta hesabla təxminən 2,1 milyon sərnişin deməkdir.
Bundan əlavə, Taybeydə “EasyCard” kartından istifadə olunur. Bu kartla metro və avtobuslarda gediş haqqını ödəmək, həmçinin “YouBike” velosiped icarəsi sistemindən yararlanmaq mümkündür. Bu da şəhərdə hərəkəti daha rahat edir.
Sinqapur ikinci, Honkonq üçüncü yerdədir
İkinci yeri Sinqapur tutub. Şəhərin metrosu uzun müddətdir ictimai nəqliyyatın nümunəvi sistemi hesab olunur və yerli sakinlərin 93,5 faizi də bu fikirlə razıdır.
Sinqapur metrosunun 146 stansiyası gündə təxminən 3,5 milyon sərnişin səfərinə xidmət edir. Sinqapurun Yerüstü Nəqliyyat İdarəsinin məlumatına görə, 2025-ci ildə qatarların təxminən 99,4 faizi vaxtında hərəkət edib.
2026-cı ilin iyulunda şəhərdə “Keppel”, “Cantonment” və “Prince Edward Road” adlı üç yeni stansiyanın istifadəyə verilməsi ilə “Circle Line” dairəvi metro xətti nəhayət tamamlanıb.
Üçüncü yeri Honkonq tutub. Burada metro sadəcə nəqliyyat vasitəsi deyil, gündəlik həyatın ayrılmaz hissəsidir. “MTR” şirkətinin illik hesabatına görə, 2025-ci ildə əsas dəmir yolu şəbəkəsindəki səfərlərin 99,9 faizi vaxtında başa çatıb. İl ərzində sistem ümumilikdə təxminən 2 milyard səfərə xidmət göstərib.
Honkonq nəqliyyatının əsas üstünlüklərindən biri də müxtəlif nəqliyyat vasitələrinin geniş seçimidir. Sərnişinlər sürətli qatardan əsrlik tarixə malik, yerli sakinlərin “dinq-dinq” adlandırdığı tramvaya keçə, daha sonra isə “Star Ferry” bərəsi ilə limanın o biri sahilinə gedə bilərlər. Bütün bu nəqliyyat vasitələrindən istifadə haqqını “Octopus” kartı ilə ödəmək mümkündür.
İlk onluğa daxil olan digər şəhərlər
Dördüncü yerdə Böyük Britaniyanın Edinburq şəhəri qərarlaşıb. Şəhərin əsas üstünlüklərindən biri səhmlərinin böyük hissəsi bələdiyyəyə məxsus olan “Lothian Buses” avtobus şirkətidir. Şirkət 2025-ci ildə 119 milyon sərnişin səfərinə xidmət göstərib. Həmin il Edinburq tramvayları da rekord nəticə əldə edərək 12,5 milyon sərnişin daşıyıb.
Beşinci yeri Cənubi Koreyanın Seul şəhəri tutub. Burada metro şəbəkəsinin genişliyi, vaqonların təmizliyi, hətta yeraltında da mobil rabitənin sabit işləməsi, münasib gediş haqları və çay avtobusu nəqliyyat sisteminin üstünlükləri sırasındadır.
İctimai nəqliyyatın keyfiyyətinə görə ilk onluğa daxil olan digər şəhərlər bunlardır:
6. Sürix, İsveçrə
7. Vyana, Avstriya
8. Tallin, Estoniya
9. Helsinki, Finlandiya
10. Medellin, Kolumbiya
Reytinqin ikinci onluğuna isə Şanxay, Varşava, Osaka, Stokholm, Cakarta, Ər-Riyad, Hamburq, Amsterdam, Vankuver və Oslo daxil olub.
Aydın