Ölkə 11:27 25.01.2023

Ramin Hacılının sənədləri qaytarılmır - Anası ölkə rəhbərliyinə müraciət etdi

Həbsdə olan Azərbaycan Avropa Hərəkatının sədri, ictimai fəal Ramin Hacılının sənədləri ona qaytarılmır. 

Bu barədə Qaynarinfo-ya ictimai fəalın anası Hürü Əliyeva bildirib. O, bununla bağlı ölkə başçısı İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Prezident Adminstrasiyasının rəhbəri Samir Nuriyevə, baş prokuror Kamran Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova, prezidentin köməkçisi Fuad Ələsgərova, Konstitusiya  Məhkəməsinin sədri Fərhad Abdullayevə, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova, Nərimanov Rayon Məhkəməsinin sədri Həbib Həsənova və Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılova ünvanlayıb.

"24 iyun 2021-ci il tarixdə Nərimanov Rayon Məhkəməsi oğlum Ramin Hacılının şəxsi sənədləri olan VÖEN, jurnalist vəsiqəsi, xarici pasport və iş vəsiqəsinin özünə geri qaytarılması barədə qərar çıxarıb. Həm Bakı Apellyasiya Məhkəməsi, həm də Ali Məhkəmə bu qərarı qüvvədə saxlayıb. Lakin məndə etibarnamə olmasına və həmin sənədlərin mənə təqdim olunması ilə bağlı oğlum tərəfindən aidiyyatı dövlət qurumlarına dəfələrlə müraciət edilməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmur”, deyə Hürü Əliyeva müraciətdə qeyd edib.

İctimai fəalın anası hesab edir ki, oğlunun sənədlərinin geri qaytarılması ona qarşı qərəzli münasibətin göstəricisidir. O müraciətin sonunda ölkə başçısına xitabən qeyd edib: "Cənab Prezident! Mən bir il altı aydan çoxdur həbsdə olan oğlum Ramin Hacılı ilə indiyədək heç 15 dəqiqə də açıq görüşərək, bağrıma basa bilməmişəm. Başqaları kimlə istəsə, görüşə bilir. Ancaq mən doğma oğlumla görüşə bilmirəm. Sizdən xahiş edirəm, tapşırıq verəsiniz məhkəmə qərarını icra edərək, oğluma məxsus sənədləri etibarnamə əsasında və qanuna uyğun olaraq mənə təqdim olunsun. Son ümid yerim Sizədir, əziz Prezidentim!”

Seyid