Xəbər lenti

Ekonomiks 18:00 02.10.2023

Regionlar üçün ipoteka şərtləri dəyişdirilsə, Bakıya köçün qarşısı alınacaq?

"Bu problem var, həll edilməlidir, amma ilk yox, son həll olunacaq və ya paralel həll olunacaq problemdir".

Bu sözləri Qaynarinfo-ya iqtisadçı Natiq Cəfərli Milli Məclisin deputatı Siyavuş Novruzovun ipoteka şərtləri ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Natiq Cəfərli bildirib ki, rayonlardan Bakıya köçün qarşısını alacaq məqam tək ev məsələsi deyil:

"İpoteka şərtlərinin yumşaldılması baş verə bilər. Bunun üçün dövlətin ipoteka xətti var. Amma regionlarda evi olanlar da Bakıya köçür. Rayonlarda ailələrin həyət evləri də var ki, bir neçə otaqdan ibarətdir, problemsiz yaşaya bilərlər. Sadəcə iş, qazanc imkanları, fürsətləri yoxdur və ya azdır. Bakıda daha çox qazanc imkanları var deyə hamı paytaxta üz tutur".

İqtisadçının sözlərinə görə, insanları regionlara sövq etmək, Bakıya köç etmələrinin qarşısını almaq üçün işə ipotekadan yox, iş fürsətlərinin, iqtisadi fürsətlərin yaradılmasından başlamaq lazımdır: 
 


"Bundan başqa, sosial infrastruktur çox zəifdir. Rayonlarda, bölgələrimizdə əsasən də gənc əhalinin işdən sonra dincilməsi üçün opera, teatr, sosial infrastruktur, kitabxanalar, kafelər yoxdur. Biz gənclərlə çox işləyirik. Onların tez-tez dilə gətirdiyi məsələlərdən biri Bakıda sosial həyatın olması ilə bağlı fikirləridir. Sözün yaxşı mənasında gənclər üçün əyləncəli sosial infrastruktur var. Bölgələrdə sosial infrastruktur qurulmalıdır. İqtisadi fürsətlər yaradılmalıdır. Bundan sonra ipoteka şərtləri asanlaşdırıla bilər ki, kimin ev problemi varsa, ipoteka hesabına mənzil alsınlar, özlərinə ev tikə bilsinlər. Çünki tikinti üçün də ipoteka kreditinin verilməsi mümkündür və daha yaxşı olar".

Deputat Siyavuş Novruzov Milli Məclisin payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı bildirib ki, "İpoteka haqqında” qanuna fərqli yanaşma olmalıdır: "Şərtlər Bakı və region üçün eynidir. Gənclərin regionda evlənməsini, qalıb orada işləməsini istəyiriksə, qaydalar da dəyişməlidir. Çünki regionda olan əməkhaqlarının məbləğini də bilirik. Ona görə də region üçün ipoteka şərtləri asanlaşdırılmalıdır".

Günay İlqarqızı

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->