Xəbər lenti

Rəşad Məcid: “Mükafat Zakir Sadatlıya verilməməliydi” - QALMAQAL
Ölkə08:38 06.06.2013

Rəşad Məcid: “Mükafat Zakir Sadatlıya verilməməliydi” - QALMAQAL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Nigar Köçərli Milli Kitab Mükafatını humanitar aksiyaya çevirdi” 

Məlum olduğu kimi, dünən Milli Kitab Mükafatının qalibləri açıqlanıb. Yüksək səviyyədə təşkil edilmiş təqdimat mərasimində, ölkənin tanınmış ziyalıları, millət vəkilləri, sənət adamları iştirak edib. Onlar bu təqdimat mərasimini kitab bayramı kimi dəyərləndiriblər.

Ancaq, maraqlıdır ki, bu, mətbuatda bayram kimi deyil, “qalmaqallı” tədbir kimi təqdim edilib. Söhbət mükafatlardan birini təqdim edərkən Rəşad Məcidlə gənc yazar Əsəd Qaraqaplan arasında yaranan və çoxunun zarafat kimi qəbul etdiyi kiçik mübahisədən gedir.

Bu gün isə məlum olur ki, sən demə, müsabiqənin nəticələrindən narazı olanlar da var. Məsələlərlə bağlı AzNews.az-a danışan MKM-in münsif üzvü Rəşad Məcidin fikirləri deməyə əsas verir ki, dünən səsi çıxan “qalmaqal” deyəsən bundan sonra başlayır. 

Onun sözlərinə görə, mükafatın təsisçisi Nigar Köçərli əsərlərin qiymətləndirilməsi zamanı “qadağan olunmuş” metodlardan istifadə edib: “Açığı, Vahid Qazinin kənarda qalması məni çox narahat etdi. Nigar Köçərli Milli Kitab Mükafatını humanitar aksiyaya çevirdi. Elə bil, bura bir xeyriyyə cəmiyyəti, yaxud da humanitar təşkilatdır. Kiminsə rəhmətə getdiyinə görə ürəyiyumşaqlıq edib, mükafatı ona verdik. Amma mən Milli Kitab Mükafatının belə səviyyədə olmasını istəməzdim. Guya kimlərsə rəhm edib və dünyasını dəyişdiyinə görə mükafatı Zakir Sadatlıya vermək ədalətli deyil. Əvvəldən fikirləşirdim ki, Zakir Sadatlını onluğa salmaq olmaz. Ona ayrıca bir mükafat vermək lazım idi. Rəhmətə gedən insanla sağ insanın mübarizəsi necə ola bilər? Hamıya deyirsən ki, “bu rəhmətə gedib, gəlin bunu birinci edək”, belə müsabiqə olmur. Bu qadağan olunmuş metoddur. İnsanların həssas nöqtələrinə basaraq, “rəhmətə gedən adama səs verin” demək düzgün deyil. Nigar yorulub, Şahbaz Xuduoğlu nə deyir, onunla oturub-durur. Amma düz eləmirlər”. 

Şəhriyar Gəraninin mükafatını hərbi xidmətdə olduğu üçün Əsəd Qaraqalpanın almaq istəməsinə gəlincə isə R.Məcid bunları dedi: “Mən bu mükafatı ona vermək istəmədim. Birincisi, Əsədin ağzından “vodka” iyi gəlirdi, tədbirə içib gəlmişdi. Ona görə də istəmədim, Şəhriyarın mükafatını ona verim. Düşündüm ki, yəqin, Nigar xanım da belə qərar verər. Gördüm ki yox, onun almasına etiraz eləmir, qərarımı dəyişdim”.

Qaynar.info