Xəbər lenti

Rusiya ikinci Qlobal sülh sammitindən niyə imtina etdi? (ŞƏRH)
Dünya 13:53 12.07.2024

Rusiya ikinci Qlobal sülh sammitindən niyə imtina etdi? (ŞƏRH)

"Rusiyanın ikinci Qlobal sülh sammitindən imtina etməsinin başlıca səbəbi birinci sammitdə olduğu kimi, tədbirin gündəliyilə bağlıdır".
 
Qaynarinfo-ya açıqlamasında bunu politoloq Taleh Əliyev Rusiya XİN sədrinin müavini Mixail Qaluzinin Moskvanın ikinci Qlobal sülh sammitində iştirak etməyəcəyilə bağlı fikirlərini şərh edərkən deyib.

Taleh Əliyev bildirib ki, ikinci Qlobal sülh sammitində də Kiyev, onun tərəfdarları və müttəfiqlərinin təqdim etdiyi sülh gündəliyində Ukraynanın BMT-yə üzv olarkən göstərilən ərazi bütövlüyünün təmin edilməsi nəzərdə tutulur:

"Bu isə Rusiya tərəfinin mövcud reallıqlarla hesablaşmaqla sülh müqaviləsinin imzalanması ideyasına tamamilə ziddir. Moskva övcud reallıqlar deyəndə isə Ukraynanın Krım, Donbas, Zaporejye və  Xersonun Rusiya ərazisi olaraq qəbul etməsini və Kiyevin NATO-ya üzv olmamaqla bağlı öhdəlik götürməsini nəzərdə tutur". 
 


Ekspertin fikrincə, tərəflər arasında sülh müqaviləsilə bağlı kəskin fərqli mövqenin olması onu deməyə əsas verir ki, Kiyevlə Moskva arasında  sülh müqaviləsinin bağlanması hələ çox tezdir: 

"Münaqişənin sülh yolu ilə həlli bu gün üçün real görünmür. Ona görə də Rusiya Ukrayna və  müttəfiqlərinin təşkil etdiyi sülh sammitinə qatılmaq istəmir".

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin  müavini Mixail Qaluzin "RİA Novosti" agentliyinə şərhində Moskvanın ikinci Qlobal sülh sammitində iştirak etməyəcəyini bildirib. O, iddia edir ki, Ukrayna və Qərbin ikinci sülh sammiti ilə bağlı planları İsveçrədəki "uğursuzluğa" görə özlərini bərpa etmək cəhdidir. Bundan əlavə, Qaluzin Ukrayna prezidenti Volodimir Zelenskinin Sülh formulunu "ümidsiz və ultimatum" adlandırıb. 

Xatırladaq ki, Zelenski  Ukraynanın ikinci Qlobal sülh sammitinə qədər müharibənin həll planını hazırlayacağını bildirib. "Bloomberg" isə yazıb ki, Ukrayna 2024-cü ilin  noyabrında baş tutacaq ABŞ seçkilərindən əvvəl Rusiyanın iştirakı ilə sülh sammiti keçirmək istəyir. İkinci sammitin keçirilməsi məkanı kimi isə Səudiyyə Ərəbistanı göstərilir. 

Rüfət Sultan


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->